Azəri Gənclər Alyansı ABŞ-da layihə həyata keçirib

Ötən həftə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azəri Gənclər Alyansı ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yaninda QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, qanunsuz iqtisadi fəaliyyət, tarixi abidələrin dağıdılması və özgəninkiləşdirilməsi, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması" mövzusunda layihə həyata keçirib.

Layihə çərçivəsində Amerikanın nüfuzlu Con Hopkins və Corc Toun universitetlərində ictimai-siyasi xadimlər, amerikalı alimlər və tələbələr üçün Azərbaycan həqiqətləri, Ermənistanın Azərbaycana təcavüzünün hələ də davam etməsi və dünya ictimaiyyətinin bu ədalətsizliyə susması ilə bağlı brifinqlər keçirilib. Eyni zamanda, Vaşinqtonda yerləşən məşhur beyin mərkəzlərində, beynəlxalq təşkilatlarda dünyaca məşhur siyasi xadimlərlə bir sıra görüşlər keçirilərək Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında onların yardımına ehtiyacın olması vurğulanıb.

Amerikalı nüfuzlu alimlər, ictimai-siyasi xadimlər, eləcə də tələbələr son zamanlar Azərbaycanın sürətli inkişaf modelini örnək göstərərək, Azərbaycan-Amerikan strateji əməkdaşlığının mühümlüyünü qeyd edib və iki ölkə arasında münasibətlərin daha inkişaf edəcəyinə inandıqlarını bildiriblər. Layihə rəhbəri, Vaşinqtonun Con Hopkins universitetinin məzunu Leyla Məmmədli Azərbaycanın regionda güc mərkəzi olması və multikultural dəyərləri özündə birləşdirən örnək bir ölkə olaraq Azərbaycan-Amerika mübasibətlərinin daha inkişaf etdirilməsi üçün görüş iştirakçılarının Azərbaycan həqiqətləri barədə məlumatlı olmalarının vacibliyini önə çəkib. Keçirilən görüşlərdə iştirakçılara Xocalı faciəsini və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, qanunsuz iqtisadi fəaliyyət, tarixi abidələrin dağıdılması və özgəninkiləşdirilməsi, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barədə məlumatların yer aldığı kitabçalar və Azərbaycanın zəngin mədəni irsini əks etdirən suvenirlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə