"Pansionat sakinlərinin Türkiyəyə olan sevgisi məni çox duyğulandırdı"

Noyabrın 20-də Türkiyənin ailə və sosial siyasət nazirinin müavini Mehmet Karabay Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub. AZƏRTAC xəbər verir ki, pansionatın direktoru Qətibə Əsədova türkiyəli qonağı burada yaradılan şərait və ahılların əl işləri ilə tanış edib.

Daha sonra pansionat haqqında məlumat verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, pansionat 1964-cü ildən etibarən fəaliyyət göstərir. O, həmçinin qeyd edib ki, ərazisi 7 hektar olan pansionat iki korpusdan ibarətdir. İkimərtəbəli olan birinci korpus 150 yerlikdir və 2015-ci ildə əsaslı təmirdən sonra istifadəyə verilib. Əlli səkkiz nəfər işçisi olan ikinci korpus beşmərtəbəlidir və 2013-cü ildə inşa olunub. 2013-cü il oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva pansionatda tikilmiş yeni korpusun açılışında iştirak ediblər. Burada hazırda yaşı 65-dən 93-dək olan 216 nəfər yaşayır. Onların özlərini rahat hiss etməsi üçün lazımi şərait yaradılıb. Pansionat sakinlərinin tibbi problemlərinin həlli daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir.

Pansionatla tanışlıqdan sonra M.Karabay AZƏRTAC-a müsahibə verib. Müsahibəsində nazir müavini bildirib ki, müasir standartlara cavab verən pansionatda ahılların özlərini yaxşı hiss etməsi üçün bütün şərait yaradılıb. “Onlara yaradılan şəraitdən çox məmnun qaldım. Pansionat sakinlərin Türkiyəyə olan sevgisi məni çox duyğulandırdı. Həmçinin Natiq Məmmədovla ölkələrimizdə əhalinin sosial müdafiəsi sahəsində görülən işlərlə bağlı da fikir mübadiləsi apardıq. Mərkəzin fəaliyyətinə bu cür davam etməsini arzulayıram”, - deyə Mehmet Karabay vurğulayıb.

Bakıda keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda iştirak etdiyini qeyd edən nazir müavini bu cür Forumun keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə