5 yaşa qədər uşaqların ölüm sayı iki dəfə azalıb

"90-cı illərdən etibarən Avropa və Mərkəzi Asiya regionu üzrə 5 yaşa qədər uşaqların ölüm sayında iki dəfə azalma müşahidə olunur". SİA-nın xəbərinə görə, bunu UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Əfşan Xan ADA universitetində keçirilən görüşdə deyib. Ə.Xan bildirib ki, son on ildə bir çox ölkədə uşaqlar üçün görülən tədbirlər təqdirəlayiqdir: "Araşdırmalar nəticəsində məlum olub ki, ən azından orta təhsili olan qadınların körpələri arasında ölüm səviyyəsi kəskin azalıb".

Dünyada aclıq çəkən, fiziki məhdudiyyəti olan uşaqların cəmiyyətdən təcrid olunduğunu vurğulayan Ə.Xan deyib ki, Avropa və Mərkəzi Asiya regionunda 3 milyon yarım əlil uşaq diqqətdən kənarda qalıb, onların adları hətta sosial qeydiyyatda belə yoxdur.

"2012-ci ildən etibarən bu regionda yoxsulluq yarıdan çox azalıb. Ötən iki ildə uşaqların təhsilə cəlb edilməsində 25 faizə artım qeydə alınıb. Ancaq region üzrə hələ 40 milyon uşaq təhsildən məhrumdur. 1 milyon uşaq isə təhsilini bitirəndən sonra iş tapmaqda çətinlik çəkir. Saxlama məntəqələrində saxlanılan uşaqların sayı 60 faiz azalıb. Bu, uşaqlara ikinci fürsətdir. Uşaqların dustaq olmasındansa, yenidən cəmiyyətə qaytarılması daha yaxşıdır. Çünki onlar içəridə cinayətkarlığa daha çox meyilli olurlar"- deyə, regional direktor əlavə edib.

Azərbaycanın hazırda iqtisadi artım, sənaye inkişafı mərhələsində olduğunu qeyd edən Ə.Xan bildirib ki, artıq 2016-cı ildən 5 yaşından birinci sinfə qatılan uşaqların sayında artım var.

Bütün xəbərlər Facebook səhifəmizdə