Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib YENİLƏNİB SƏS TV

Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib. SİA-nın xəbərinə görə, tədbirdən öncə qonaqlar Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Forumun Birinci hissəsində Baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov, AQUPDK-nın sədri Hicran Hüseynova UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan, Türkiyənin Ailə və Sosial Siyasət naziri müavini Mehmet Karabay, Bolqarıstanın Uşaqların müdafiəsi üzrə Dövlət Agentliyinin sədr müavini Valentin Dimitrov iştirak ediblər.

Forumun açılış mərasimi Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Davamında Azərbaycan Prezidenti İlham Əliyevin Ümumrespublika Uşaq Forumlarının iştirakçılarına təbrik məktubu oxunub.

Tədbirdə ilk çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan cəmiyyətində uşaq ən ali dəyərdir: “Ailə fəlsəfəmizdə uşaq ailənin xoşbəxtliyinin, firavanlığının və özünə inamın simvoludur. Hər bir vətəndaş sağlam uşaq böyütməyi özünün ali vəzifəsi hesab edir. Bu fəlsəfə və dəyərlər dövlət uşaq siyasətinin təməlini təşkil edir və bu istiqamətdə görəcəyimiz işləri müəyyənləşdirir. Bu səbəbdən Azərbaycan cəmiyyətinin demoqrafik strukturunda uşaqlar kifayət qədər yüksək çəkiyə malikdir”.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın uşaqları və gəncləri daha sağlam böyüməli, daha yaxşı səhiyyə xidməti almalı, daya yaxşı məktəblərdə oxumalı, daha yaxşı təhsil almalıdır: “Uşaqlar həm sayca artmalı, həm də onların potensialını müəyyənləşdirən digər keyfiyyət parametrlərinə malik olmalıdır. Bütün dövlət qurumları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının qorunması, uşaqların sağlam və qayğısız böyüməsi üçün dövlət siyasətini həyata keçirilməsində kifayət qədər səmərəli fəaliyyət göstərir”.

Daha sonra çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, bu gün həm də çox gözəl və tarixi bir gündür: " 61 ildir ki, 20 noyabr Ümumdünya Uşaqlar Günü bütün ölkələrdə bayram kimi qeyd olunur. Uşaqların sağlam və xoşbəxt böyüməsi hər zaman olduğu kimi, bu gün də aktualdır. Lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. 8 il bundan əvvəl ilk Uşaq Forumu keçiriləndə, sizin kimi gənc oğlan və qızlar sülhə, əmin-amanlığa, ədalətə nail olmaq üçün öz gücünü, inamını nümayiş etdirərək, arzularını dilə gətirdi, dünyaya çağrış etdilər və onların bir çox ideya və arzuları həyata keçirilib. Bu gün isə biz artıq IV Forumu keçiririk. Bu nəyin göstəricisidir? Əlbəttə ki, sizin cəmiyyətimizdə gedən proseslərə aktiv münasibətinizdir. Məsələlərə kreativ, müasir yanaşmağınızdır"

İki hissədən ibarət olan forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən 6-18 yaş arası 380 uşaq qatılıb. Daha sonra 7 qrupdan ibarət müxtəlif mövzularda müzakirələr təşkil edilib.

Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu 2009-cu ildə, II Forumu 2011-ci ildə, III Forumu isə 2014-cü ildə keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə