Gəncimiz beynəlxalq tədbirdə təmsil olunub

Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənc Elçilər” Proqramının iştirakçısı Sara Rəcəbli Strasburq şəhərində beynəlxalq tədbirdə təmsil olunub. SİA-nın verdiyi məlumata görə, "Study Session: ADV-ENT-ure. Youth advocacy for social rights" adlı tədbir Avropa Şurası tərəfindən həyata keçirilib.

Tədbirin məqsədi vəkillik üçün birgə gənclər şuralarının inkişaf etdirmək, qabiliyyətlərini artırmaq və gənclərin sosial hüquqlarından istifadə etməkdir.

Tədbirdə sosial haqqlar haqqında sənədin dəyişilməsi barədə müzakirələr baş tutub. Daha sonra təhsil, işlə təmin olunma, ətraf mühit, gender bərabərsizliyi və digər mövzuları əhatə edən "Enter Recommendation CM(RE) by Council of Europe" adlı sənəd hazırlanıb. Tədbirin sonuncu günündə ölkələrin mədəniyyət gecəsi təşkil olunub. Tədbirdə Azərbaycanı təmsil Gənc Elçi Sara Rəcəbli ölkənin tarixi, mədəniyyəti, milli geyimləri, mətbəxi və rəqslərini nümayiş edib.

Qeyd edək ki, “Gənc Elçilər” beynəlxalq təmsilçilik proqramı Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi və Xarici İşlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir. Proqram məqsəd və hədəflərinə çatmaq və proqramın effektiv fəaliyyətini təmin etmək üçün «3T» modeli formalaşdırılıb. Proqramın modeli 3 əsas komponentdə ibarətdir: Təlim, Təcrübə və Təmsilçilik. “Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçirilən təlim və seminarların iştirakçısı olurlar. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti və gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti blokları üzrə keçirilir. “Təcrübə” komponenti vasitəsi ilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və təcrübələri ilə tanış olmaq imkanı əldə edirlər. “Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və təcrübə əldə etmək imkanı qazanırlar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə