"Uşaq hüquqlarının müdafiəsi dövlətin qarşısında duran əsas məqsəddir"

"61 ildir ki, 20 noyabr Üumdünya Uşaqlar Günü bütün ölkələrdə bayram kimi qeyd olunur. Uşaqların sağlam və xoşbəxt böyüməsi hər zaman olduğu kimi, bu gün də aktualdır".SİA-nın xəbərinə görə, bu sözləri Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Uşaqların IV Ümumrespublika Forumunda deyib.

Onun sözlərinə görə, müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir: "8 il bundan əvvəl ilk Uşaq Forumu keçiriləndə, sizin kimi gənc oğlan və qızlar sülhə, əmin-amanlığa, ədalətə nail olmaq üçün öz gücünü, inamını nümayiş etdirərək, arzularını dilə gətirdi, dünyaya çağrış etdilər və onların bir çox ideya və arzuları həyata keçirilib. Bu gün isə biz artıq IV Forumu keçiririk. Bu nəyin göstəricisidir? Əlbəttə ki, sizin cəmiyyətimizdə gedən proseslərə aktiv münasibətinizdir. Məsələlərə kreativ, müasir yanaşmağınızdır".

H.Hüseynova bildirib ki, uşaq və gənclər xalqımızın ən böyük və qiymətli sərvətləridir: "Bizim sizinlə fəxr etməyə bir çox səbəblərimiz var, bir çoxunuz elmi olimpiadaların qalibisiniz, mötəbər idman yarışlarının çempionlarısınız, mədəniyyət sahəsində yüksək mükafatlar əldə edirsiniz. Vətənpərvər və ənənələrimizə sadiqsiniz. Dövlətimiz də sizin daha yaxşı və hərtərəfli inkişafınız üçün bütün imkanları yaradır. Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edir ki, "Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar". Və bu arzu öz real həlini tapır. Biz iqtisadi əlaqələri dağılmış ölkədən güclü, davamlı inkişaf edən ölkəyə çevrilmişik. Bu yüksəliş təkcə iqtisadi, qaz və energetika sahəsində deyil, elm, idman, mədəniyyət, sosial və digər sahələrdə baş vermişdir. İki telekommunikasiya peykimiz orbitə çıxarılıb. Artıq Azərbaycan Avrasiya qitəsində nəqliyyat mərkəzlərinin birinə çevrilməkdədir. Əlbəttə, bir məsələni unutmaq olmaz ki, bütün bu uğurlar təkcə Ermənistanla davam edən müharibə və onun törətdiyi ağır fəsadların deyil, həm də bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətin fonunda həyata keçirilir. Belə bir çətin şəraitdə yetişməkdə olan gənc nəslimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə edilməlidir. Eyni zamanda, gündən – günə güclənən dövlətimizə yüksək istisaslı kadrlar, peşəkar mütəxəssislər lazımdır. Vətəni təkcə fiziki güclə deyil, həm də elmlə, savadla qorumaq, möhkəmdirmək lazımdır".

Komitə sədri qeyd edib ki, uşaqların hüquqlarının müdafiəsi valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir. "Bu barədə biz hələ çox danışacayıq. Hər bir sənəddə, qanunvericilik aktlarında uşaq problemləri öz əksini tapıb. 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində sizin daha yaxşı təhsil almağınız, sağlam böyüməniz, rahat şəraitdə, təmiz mühitdə yaşamağınız və digər məsələlərlə bağlı bir çox məqsəd və hədəflər göstərilmişdir. 2030-cu ildə siz artıq yetkin bir şəxs olacaqsınız, və bu məqsədlərə catmaq üçün özünüz çalışacaqsınız. Biz sizə çox ümid edirik. İnanırıq ki, estafet çox etibarlı əllərdədir. Siz son dərəcə qeyri-adi enerjiyə, istedada maliksiniz. Gənc nəsil həmişə yeni novator ideyalar gətirir. Adətən yeni eksperimentlər, mübahisələr, yeni yanaşmalar sizə daha çox xas olan bir keyfiyyətdir. Ona görə də əziz uşaqlar, sizin üzərinizə böyük iş düşür. Qeyd etməliyəm ki, keçirilən əvvəlki Forumlarda qəbul olunan Bəyannamələrdə sizin tərəfinizdən irəli sürülən təkliflər öz həllini tapmışdır. Bu da onu göstərir ki, Foruma münasibət çox ciddidir. Və dövlət hər bir vətəndaşın istər uşaq, istərsə də böyüyün fikrinə, arzusuna diqqətlə yanaşır. Əziz uşaqlar, cəsarətli olun! Hər şey sizin gücünüzdən, biliyinizdən asılıdır. Əsas odur ki, inadla irəli gedəsiniz. Bir olmağınız, mehribançılığınız, dostluğunuz, vətənpərvərliyiniz isə ən xoş arzu və niyyətləri həyata keçirməkdə sizə mütləq kömək edəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə