Baş qərargah rəislərinin görüşü keçiriləcək

Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Cavad Zərifin görüşündə bütün əsas məsələlərlə bağlı razılıq əldə edilib. SİA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün görüşdən sonra jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. S. Lavrov deyib ki, görüşdə Türkiyə, Rusiya və İran prezidentlərinin noyabrın 22-də Soçidə keçiriləcək sammitinə hazırlıqla bağlı konkret məsələlər müzakirə olunub: "Görüş çox faydalı oldu, əsas məsələlər üzrə razılıq əldə etdik. Suriya böhranının tənzimlənməsi üzrə Astana prosesinin möhkəmləndirilməsi ilə bağlı prezidentlərə müzakirələrimizin nəticələrini təqdim edəcəyik". S. Lavrov dövlət başçılarının Soçi sammitindən öncə Türkiyə, Rusiya və İran Silahlı Qüvvələrinin Baş qərargahlarının rəislərinin görüşünün keçiriləcəyi və Suriyada təhlükəsizlik zonaları ilə bağlı detalları müzakirə edəcəklərini də açıqlayıb. Rusiya xarici işlər naziri Suriyada beşinci təhlükəsizlik yaradılması üzərində iş aparıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə