Azərbaycanda I minilliyin əvvəllərinə aid edilən kurqanlar aşkar edilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin kəşfiyyat xarakterli tədqiqatları nəticəsində Masallı rayonunun Bədəlan-Xanalion kəndinin yaxınlığında, Talış dağlarının ətəklərində yerləşən kurqan tipli qəbir abidələri aşkar edilib. İnstitutdan SİA-ya verilən xəbərə görə, bu torpaq örtüklü kurqanların diametri 45-50 m, üst örtüyünün saxlanılmış hündürlüyü isə 4-5 metrə çatır. Dəniz səviyyəsindən təxminən 870 metr yüksəklikdə salınmış bu qəbir abidələrinə kəndin ərazisində tək-tək hallarda rast gəlinir. Kurqanların düzülüşü əsasən şərq-qərb istiqamətlidir.

A.Ağalarzadə ilkin ehtimala görə, abidələrin tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərinə, yəni, e.ə. II minilliyin sonu I minilliyin əvvəllərinə aid edildiyini bildirib. Qeyd edib ki, Azərbaycanın cənub bölgəsində mövcud olan tunc-ilk dəmir dövrü kurqanları ibtidai icma quruluşu cəmiyyətlərinin bəhs olunan dövrdəki mənəvi mədəniyyətlərini və dəfn adətlərini izləməyə imkan verir. Alim kurqanların tunc-erkən dəmir dövrü cəmiyyətlərinin sosial-iqtisadi, ictimai münasibətlərinin və başlıca olaraq qədim tayfaların təsərrüfat həyatı haqqında məlumatlar əldə etmək üçün çox böyük əhəmiyyət kəsb etdiyini deyib: "Cənub bölgəsinin dağlıq zonaları üçün daş örtüklü kurqanlar xarakterik olsa da, dağətəyi və aran bölgəsi üçün torpaq örtüklü kurqanlar üstünlük təşkil edir. Bütün bu fərqlilik abidələrin yerləşdiyi arealda aydın müşahidə olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə