“Azəravtoyol” ASC-də YAP-ın yaradılmasının 25 illiyi qeyd olundu

“Azəravtoyol” ASC-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı üzrə ərazi ilk partiya təşkilatının tədbiri keçirilib.

SİA-nın məlumatına görə, tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra partiyanın 25 illiyinə həsr edilmiş tədbir cəmiyyətin akt zalında davam etdirilib.

Yubiley tədbirini giriş nitqi ilə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov açıb. Cəmiyyət sədri qeyd edib ki, 1993-cü ilin yayında vətəndaş müharibəsi astanasında cəmiyyətimizin bütün ümidləri Ulu öndər Heydər Əliyevə idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider qısa müddət ərzində vəziyyəti sabitləşdirdi, bu da imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun və o ildən bu günədək Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir.

Saleh Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərdiyini qeyd edərək, ölkənin regionlarında, eləcə də paytaxt Bakıda bu sahədə vəziyyətin kökündən dəyişdiyini, dövlətimizin başçısının Sərəncamları ilə ayrılan vəsaitlərin yol infrastrukturunun dinamik inkişafına yol açdığı və bu istiqamətdə həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisinin, yenidən qurulmasının həcminin ildən-ilə artdığını bildirib.

Daha sonra tədbirdə YAP Nəsimi rayon təşkilatı “Azəravtoyol” ASC üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayev çıxış edib. İlk partiya təşkilatının sədri Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını qeyd edib.

Əvəz Qocayev tədbir iştirakçılarına son illər ərzində “Azəravtoyol” ASC üzrə ərazi ilk partiya təşkilatı tərəfindən həyata keçirilən işlər barədə də geniş məlumat verərək bildirib ki, aparılan səmərəli fəaliyyət nəticəsində gənclərdən ibarət üzvlərinin sayı durmadan artıb. Hazırda Azəravtoyol" ASC-nin 2825 partiya üzvündən 480 nəfəri YAP Nəsimi rayon təşkilatının partiyanın qeydiyyatındadır və təşkilatın idarə-müəssisələrində 25 dayaq məntəqəsi yaradılıb.

Tədbir zamanı digər çıxışlar da dinlənildikdən sonra partiya işinin təşkilində səmərli xidmətlərinə görə, cəmiyyətin bir qrup əməkdaşı təltif edildi. Bundan başqa partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələrin təqdim olunması da baş tutdu.

Sonda tədbirdə iştirak edən Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı da çıxış edərək “Azəravtoyol” ASCüzrə ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirərək təşkilat üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzu etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə