Deputat: "Hərbi vətənpərvərlik mövzusunda banerlər reklam sayılmasın"

Bu gün Azərbaycanda açıq məkanlarda, avtomagistrallarda sosial reklamların verilməsinə böyük ehtiyac var. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elmira Axundova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

E.Axundova bildirib ki, avtomagistrallarda və digər açıq məkanlarda çoxlu böyük reklam bannerlərinə rast gəlirik: “Lakin təəssüflər olsun ki, bu bannerlər ya şou xarakterlidir, ya da hansısa ərzağın reklamıdır. Ancaq şəhidlərimiz, qəhrəmanlarımız, hərbi vətənpərvərlik barədə heç bir plakat yoxdur”.

Deputat bildirib ki, Böyük Vətən müharibəsi zamanı bu cür plakatlar əhalidə böyük ruh yüksəkliyi yaratmışdı: “Bu gün Azərbaycan müharibə şəraitində olan bir ölkədir və bizim də bu cür plakatlara böyük ehtiyac var. Təklif edirəm ki, “Reklam haqqında” qanuna dəyişiklik edilsin ki, hərbi vətənpərvərlik mövzusunda banerlər reklam sayılmasın. Belə olan halda hərbi mövzuda plakatlar geniş yayılacaq. Sosial reklamlarla bağlı da qanuna dəyişiklik oldu, ancaq yenə də sosial reklamlar zəifdir və ümumi reklam bazarında bu cür reklamlar çox azdır”

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə