Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının I hesabat-seçki konfransı keçirilib

Noyabrın 14-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının I hesabat-seçki konfransı keçirilib. FHN-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra nazirliyin həmkarlar ittifaqının sədri Mehman İsmayılov çıxış edərək hesabat-seçki konfransını açıq elan edib. Gündəlik təsdiq olunduqdan sonra konfransın işini idarə edəcək mandat, redaksiya və hesablayıcı komissiyaların tərkibi müəyyən olunub.

Sonra konfransın gündəliyində duran ilk məsələ - Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı sədrinin hesabat məruzəsi dinlənilib. İttifaqın ötən dövrdəki fəaliyyəti ilə bağlı videoçarxın nümayişindən sonra Mehman İsmayılov hesabat məruzəsi ilə çıxış edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan-Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxış edərək FHN işçiləri həmkarlar ittifaqının səmərəli fəaliyyətindən danışıb, görülən işləri yüksək qiymətləndirib, quruma qarşıdakı dövrdə uğurlar arzulayıb.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev çıxışında FHN işçilərinin həmkarlar ittifaqının qısa zamanda gördüyü işlərdən danışıb. Həmkarlar ittifaqının təftiş komissiyasının hesabatının dinlənilməsindən sonra konfrans məruzələrlə davam edib.

Çıxış edənlər FHN işçilərinin həmkarlar ittifaqının sədrliyinə yenidən Mehman İsmayılovun namizədliyini təklif ediblər. Bununla yanaşı, 2018-ci ilin fevralında keçirilməsi planlaşdırılan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında Konfederasiyanın sədri vəzifəsinə yenidən Səttar Möhbalıyevin namizədliyinin dəstəkləndiyi ifadə olunub.

Konfransın mandat komissiyasının hesabatı dinlənildikdən sonra ittifaqın rəhbər orqanlarının yeni tərkibi və həmkarlar ittifaqının sədri seçilib. Namizədliyi konfrans iştirakçıları tərəfindən yekdilliklə irəli sürülən Mehman İsmayılov Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının yenidən sədri seçilib. Sonda həmkarlar ittifaqının təftiş komissiyasının və respublika komitəsinin üzvləri seçilərək təsdiqlənib.

loading...