Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 14-də ədliyyə naziri Fikrət Məmmədov Saatlı rayonu Gənclər Mərkəzində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri ilə müşavirə keçirib.

İclasda ədliyyə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd edilib, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə naziri Şirvan Apellyasiya Məhkəməsinə baş çəkərək, onun fəaliyyəti və iş şəraitinin yaxşılaşdırılması üzrə görülmüş tədbirlərlə tanış olub.

Burada keçirilən müşavirədə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlətimizin başçısının tapşırıqlarından və qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələn vəzifələrə toxunulub. Həmçinin hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilərək hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə görülən tədbirlər qeyd olunub, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılmasının vacibliyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə