Yasamal məktəbliləri cənub bölgəsindən zəngin təəssüratlarla qayıdıblar

Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində məktəblilərin bölgələrə ekskursiyası başa çatıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 11-də başlamış tur-aksiya çərçivəsində Lənkəran-Masallı-Astara istiqamətində səfərdə olan Bakı şəhərinin Yasamal rayonunun məktəbliləri noyabrın 14-də paytaxta geri dönüblər. Aksiya iştirakçılarını Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, valideynlər qarşılayıblar.

Yasamal rayonunun IX-XI sinif şagirdləri və onların müəllimləri Lənkəran, Masallı, Astara rayonlarının tarixi, mədəniyyəti, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri barədə zəngin məlumatlar əldə edib, biliklərini artırıb, bölgələrimizin inkişafını öz gözləri ilə görüblər. İstirahətlərini mənalı keçirən gənclər bu səfər zamanı unudulmaz anlar yaşayıblar. Onların hər biri geriyə xoş təəssüratlarla qayıdıb.

Qarşılanma mərasimində çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, Yasamal rayon məktəbliləri Lənkəranda keçirilən “Kim? Nə? Harada?” müsabiqəsində Bakının 9 rayonundan olan şagirdlərə qalib gələrək 1-ci, 2-ci və 3-cü yerlərin sahibi olub, üç kubok ilə qayıdıblar.

Cənub bölgəsinə səfərdən razılığını bildirən Yasamal rayon məktəblisi Vaqif Məmmədzadə təəssüratlarını bölüşərək deyib: “Cənub zonasının ən gəzməli-görməli yerlərinə baş çəkdik. Mənim üçün ən çox yaddaqalan məqam Lənkərandakı mandarin bağları oldu. Çünki ilk dəfə idi mandarin ağacı görürdüm. Həyatımda ən dadlı mandarini Lənkəranda yedim. Şagird Rüfət Əzimli məmnunluğunu bu sözlərlə ifadə edib: “Tur-aksiya zamanı diqqətimi ən çox tarixi abidələr çəkdi. Ekskursiyalar zamanı cənub bölgəsinin özünəməxsus adət-ənənələri, xalq tətbiqi sənəti nümunələri, milli mətbəxi ilə də yaxından tanış olduq. Biz hamımız cənub bölgəsindən zəngin təəssüratlarla qayıtdıq. Bütün ölkə gəncləri kimi, biz Yasamal rayonunun məktəbliləri də böyük əhəmiyyəti olan bu tur-aksiyaya görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.

Şagird Elgün deyib: “O yerlərin füsunkar təbiətini, tarixi abidələrini, zəngin mətbəxini, mehriban insanlarını heç zaman unutmayacağıq. Bu layihənin həyata keçirilməsinə görə Prezidentimizə təşəkkür edirik”.

Xatırladaq ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Yasamal rayon orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 40 şagird iştirak edib.

loading...