İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib FOTO

Noyabrın 14-də Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun rəhbəri Elxan Zeynalov Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov ilə görüşüb.

Konsulluqdan SİA-ya bildiriblər ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişafı, həmçinin baş konsulluq ilə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Söhbət zamanı Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində baş konsulluq tərəfindən yaradılmış “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”nin fəaliyyəti yüksək qiymətləndirilib. Həmçinin baş konsulluq tərəfindən təsis edilmiş və hər il Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin beş tələbəsinə Heydər Əliyev adına birdəfəlik təqaüdün verilməsinin rəğbətlə qarşılandığı və bunun tələbələr arasında bir stimul yaratdığı vurğulanıb.

Görüşdə Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında əlaqələrin genişləndirilməsi, tələbə və pedaqoqların təcrübə mübadiləsinin aparılması, Azərbaycan ali təhsil müəssisələrindən Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində mühazirələrin oxunması üçün pedaqoqların dəvət olunması məsələlərinin Azərbaycanın müvafiq qurumları ilə razılaşdırılması qərara alınıb.

Görüşdə, həmçinin Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”nin nəzdində Azərbaycan dilinin tədris edilməsi, 2018-ci ildə universitetdən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirin keçirilməsi razılaşdırılıb.

loading...