Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti yaradılır

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin sahibkarlıq fəaliyyətinə Dəstək Xidməti” adlı layihəsinin icrasına başlayıb. Təhsil Mərkəzindən SİA-ya verilən məlumata görə, Bakı, Gəncə və Mingəçevir şəhərlərində reallaşdırılacaq layihənin əsas məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi, onların sahibkarlıq subyektinə çevrilməsi üçün münbit şəraitin yaradılması, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması, onlara hüquqi və texniki yardımların göstərilməsidir.

Layihə çərçivəsində gənclər üçün aparıcı şirkətlərdə praktiki məşğələlərin təşkili, sahibkarlıq fəaliyyətinə dair təlim proqramının və tanınmış iş adamları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Sahibkarlıq subyekti olmaq istəyən gənclərə texniki yardımların göstərilməsi, onlar üçün hüquqi məsləhət xidmətlərinin təşkili də planlaşdırılır.

Layihənin icrası müddətində gənclərin sahibkarlıq fəaliyyətinə dəstək vermək məqsədilə Bakı şəhərində aparıcı şirkət və müəssisələrinin rəhbərlərinin, habelə gənclərin iştirakı ilə əməkdaşlıq forumunun keçirilməsi də əsas fəaliyyətlərdəndir.

Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata əsasən hazırda ölkəmizdə əlverişli sahibkarlıq mühiti formalaşdırılmış, müvafiq qanunvericilik bazası təkmilləşdirilmiş, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Hazırda çox sayda fiziki və ya hüquqi şəxs rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Amma statistik göstəricilərə nəzər yetirsək görərik ki, sahibkarlıqla məşğul olanların böyük əksəriyyəti orta yaşlı insanlardır. Gənclər sahibkarlıq subyektlərinin fəaliyyətində əsasən işçi rolunu oynayır. Aktiv olaraq şəxsi biznesini quran gənc yaşlı insanlar çox azdır. Gənclərlə bağlı dövlət proqramlarında da gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması ilə bağlı müddəa mövcuddur və bu istiqamətdə müvafiq qurumlar əməli işlər həyata keçirirlər. Amma bunlarla kifayətlənmək olmaz. Müxtəlif qurumlar fərqli üsullarla gəncləri sahibkarlıq fəaliyyətinə daha da həvəsləndirə bilərlər. Gənclər biznes mühitinə yenilik gətirə, müxtəlif beynəlxalq biznes toplantılarında və sərgilərdə ölkəmizi daha fəal təmsil edə bilərlər. Bu baxımdan Gənclər üçün Təhsil Mərkəzi belə bir layihə ideyası ilə çıxış edir, gənclərin sahibkarlıq fəaliyyətinə dəstək verməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə