"Atabəy Eldəniz" tarixi romanının təqdimatı keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Yunus Oğuzun "Atabəy Eldəniz" tarixi romanının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, AMEA-nın vitse prezidenti, Ədəbiyyat Institutunun direktoru, akademik Isa Həbibbəyli bildirib ki, "Atabəy Eldəniz" kitabı həm də elmi əsər hesab edilə bilər. Çünki bu əsərin yazılmasında elmi araşdırmaların nəticələrindən istifadə olunub.

İ.Həbibbəyli bildirib ki, müstəqillik dövründə həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək səviyyəli tarixi romanlar ortaya qoyulub.

Yunus Oğuzun əsərlərində onu cəlb edən əsas məqamları açıqlayan akademik qeyd edib ki, onun romanlarında tarixilik və bədiilik mütləq şəkildə birləşib. Onun yaradıcılığında müasirlik oxucunu cəlb edən xüsusiyyətlərdəndir: "Onun oxucuya dediyi sözün içində millilik, azərbaycançılıq da var .Yunus Oğuz tarixi romanlarını tarixilik naminə yazmır. O, əsərlərini yazarkən dərindən araşdırma aparır. Yunus Oğuz müstəqil Azərbaycan ədəbiyyatında tarixi dövr məktəbi yaratmaqda iddialıdır".

Ədəbiyyat Institutunun Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Elnarə Qaragözova "Yunus Oğuzun "Atabəy Eldəniz " romanında tarix və şəxsiyyət faktoru" adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, tarixi faktların bədii formada təqdim edilməsi onun daha asan qavramasına səbəb olur: "Tarixi faktların mistik fikirlər olmadan təqdim edilməsi tarixin gənc nəslə çatdırılması üçün çox əhəmiyyətlidir. Bu baxımdan "Atabəy Eldəniz " əsərində tarixi şəxsiyyət yaradılıb. Tarixi şəxsiyyəti səciyyələndirən əsas xüsusiyyət inadkarlıq və cəsarətdir. Yunus Oğuz əsərində bunu yarada bilib".

E.Qaragözova əlavə edib ki, əsərdə tarixi faktlara söykənməyən yeganə obraz "baş dədə" obrazıdır. O da hadisələri kənardan izləyir, öz fikirlərini bildirir: "Onun üçün əsas olan tarixin taleyidir".

Millət vəkili Nizami Cəfərov deyib ki, Yunus Oğuzun əsərlərində koloritə, uzun təfsilatlara yol verilmir. Bu da onu digər roman müəlliflərindən fərqləndirən əsas xüsusiyyətlərdən və üstünlüklərindən biridir.
Yunus Oğuzun əsərlərində müasirliyin də xüsusi rol oynadığını deyən N.Cəfərov qeyd edib ki, müəllif əsərlərində bu gün ilə keçmişi əlaqələndirir.

Əsəri türk dilinə tərcümə edən Hüseyn Adıgözəlov deyib ki, türk dünyasının tarixi təhrif olunub. Buna görə də türk dünyasının tarixinin yenidən təqdim edilməsinə ehtiyac var. Bu baxımdan "Atabəy Eldəniz " romanını yüksək dəyərləndirən H.Adıgözəlov Yunus Oğuzun türk dünyasının tarixinə tamam yeni baxışla baxdığını söyləyib.

Tədbirdə çıxış edən digər şəxslər də kitab haqqında öz fikirlərini bölüşüblər.

Sonda çıxış edən Yunus Oğuz tədbiri təşkil etdiyinə görə Ədəbiyyat Institutuna təşəkkür edib.
O qeyd edib ki, əsərinin Ədəbiyyat Institutunda müzakirə edilməsi onun üçün böyük fəxrdir.

Müəllif: Nailə Məhərrəmova
loading...