İtaliyadan Azərbaycana gətirilən dekorativ bitkilərdə zərərli orqanizm aşkarlanıb FOTO

İtaliyadan Azərbaycana idxal edilən “Pittosporum tobira Ball.” adlı dekorativ bitkilər üzərində növbəti dəfə karantn tətbiq edilən zərərli orqanizm aşkar olunub.

Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Bakı-Abşeron rayonlararası Bitki Karantin Məntəqəsinin müfəttişləri tərəfindən həyata keçirilən növbəti fitosanitar baxış zamanı götürülmüş nümunələrin Respublika Karantin Ekspertiza Mərkəzində ekspertizası zamanı aşkar edilmiş zərərli orqanizmin karantin tətbiq edilən Avstraliya şırımlı yastıcası (Icerya purchasi Maskel, 1878) olması təsdiq edilib.

Karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq Dövlət Xidməti tərəfindən sirayətlənmiş bitkilərin məhv edilməsinə qərar verilib və bitkilər karantin tədbirləri sisteminə riayət edilməklə Sumqayıt şəhərinin "Təmizlik Departamenti" MMC-nin poliqonunda məhv edilib.

Avstraliya şırımlı yastıcası bəzək və dekorativ bitkilərlə yanaşı, sitrus bitkilərinə, çəyirdəkli və tumlu meyvə ağaclarından isə şaftalı, gavalı, armudun təhlükəli zərərvericisi hesab edilir. Zərərverici, Avropa, Afrika, Şimali, Cənubi və Mərkəzi Amerika, Avstraliya və Okeaniyada yayılmışdır. Yastıcanın zədələdiyi kol və ağacların yarpaqları mövsümündən əvvəl tökülür, fotosintez prosesi zəifləyir, məhsuldarlığı aşağı düşür və ağacların qısa müddət ərzində quruyub sıradan çıxmasına səbəb olurlar.

Aşkar olunmuş uyğunsuzluq barədə İtaliyanın Milli Bitki Mühafizəsi Təşkilatına və Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatına növbəti dəfə notifikasiya göndərilib.

loading...