Rusiya 3Azərbaycan pomidorunu niyə geri qaytardı?

Azərbaycandan ixrac edilən 33 ton pomidorun Rusiyaya girişində növbəti dəfə problem yaşanıb. Məlumata görə, bu dəfə səbəb fitosanitar sertifikatda məlumatın tam dolğun olmaması göstərilib. Yük sahibləri karantin məhsulunun idxalı və ixracı qaydalarını pozmaqda ittiham olunublar.

Rusiyanın Baytarlıq və Fitosanitariyaya Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb ediliblər.
Dovlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin sözlərinə görə, Azərbaycandan Rusiyaya pomidor ixracının kəskin artması onun keyfiyyəti ilə bağlı qarşı tərəfdə bəzi şübhələr yaradıb. Buna görə də bu ilin oktyabr ayının 16-dan etibarən bu ölkəyə pomidor yeni qaydalar əsasında göndərilir. Fitosanitar sənədindən əlavə istehsalçının adı, ünvanı və əlaqə nömrəsi də tələb olunur. Problem isə yeni qaydalar qərar qüvvəyə minməmiş yola çıxan yük avtomobillərində yaradılıb.
Sahibkarların inzibati məsuliyyətə cəlb olunmaları məsələsinə də münasibət bildirən xidmət rəisi cərimə miqdarının bir yeşik pomidorla müqayisə olunacaq dərəcədə az olduğunu bildirdi. Sənədləşmə işlərini həll edən sahibkarlar artıq məhsullarını Rusiya bazarlarına çıxarıblar.
Camal Quliyev Türkiyədən Rusiyaya pomidor ixracının bərpası ilə bağlı iki ölkə arasında müvafiq protokolun imzalanması məsələsinə də toxunub və deyib ki, bu, Azərbaycan məhsulunun ucuzlaşmasına səbəb olmayacaq.
Qeyd edək ki, Azərbaycanda ixracın səviyyəsi artıb. Əgər 2015-ci ildə 18 ölkəyə meyvə-tərəvəz ixrac olunurdusa, bu rəqəm cari ildə 33-ə çatıb. İxracın həcmi isə 2,2 dəfə artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə