Erkən nikahlar ailələrə xoşbəxtlik gətirmir

Lənkəran Şəhər Mədəniyyət Mərkəzində keçirilən maarifləndirici tədbirdə erkən nikahlar və onun törətdiyi fəsadlarla bağlı müzakirələr aparılıb. Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət şöbələrinin işçiləri, məktəb direktorları, psixoloqlar, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri, din xadimləri, ağsaqqallar, fəal tələbə və gənclər, ictimaiyyət və KİV-lərin təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə erkən nikahlar və onların fəsadları barədə videoçarxa baxıblar.

Sonra çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, tez qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu bildirib. O, bu məsələnin həllində rayon ziyalılarının, ictimaiyyət nümayəndələrinin, müəllimlərin, fəal gənclərin və aidiyyəti yerli dövlət orqanlarının nümayəndələrinin geniş cəlb olunmaqla mübarizənin aparılmasının, eyni zamanda, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

T.Qaraşov, həmçinin erkən nikahların yaratdığı hüquqi məsuliyyəti gənclərə və valideynlərə ətraflı izah etmək üçün hüquq mühafizə orqanları nümayəndələrinin iştirakı ilə yerlərdə məlumatlandırıcı söhbətlərin aparılmasının da zəruriliyini vurğulayıb.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyevanın “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi erkən nikahların ailələrə xoşbəxtlik gətirmədiyini, əksinə, yeni ailənin möhkəmlənmədən dağılmasına, qız uşaqlarının təhsildən kənarda qalmasına şərait yaratdığını qeyd edərək, ictimaiyyətin səyi ilə bu problemə qarşı birgə mübarizə aparılmasının vacibliyini bildirib.

Rayon prokuroru Elçin Məmmədov, Rayon Mərkəzi Xəstəxanasının perinatal mərkəzinin doğum şöbəsinin müdiri Yeganə Nəhmətova, şəhər 4 nömrəli məktəb-liseyin müəllimi Sədaqət Talıbova, şəhər 8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimov, Lənkəran Dövlət Universitetinin ikinci kurs tələbəsi Rüqəyya Muradlı çıxışlarında erkən nikahlara səbəb olan amilləri sadalayaraq, ictimaiyyəti bu cür hallarla mübarizəyə səsləyiblər.

loading...