“Türkologiya” jurnalı beynəlxalq indeksdə

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı 10 oktyabr 2017-ci ildə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən MLA (Modern Language Association) tərəfindən Beynəlxalq Dil Assosiasiyasının Biblioqrafiyasına daxil edilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, bu əlamətdar hadisə ilə bağlı məlumat verən jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, “Türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir. Son illərdə beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən “Türkologiya” jurnalı cari ilin oktyabr ayında Modern Dil Assosiasiyasının biblioqrafik indeksinə daxil edilmişdir”.

Modern Dil Assosiasiyası Beynəlxalq Biblioqrafiya (MLA İnternational Bibliography, Nyu-York, ABŞ) ədəbiyyat, dil tarixi, etnoqrafiya, folklor və s. sahələrdə beynəlxalq istinad mənbəyidir. Biblioqrafiya 1,5 milyondan çox istinad mənbəyini əhatə edir. Milyonlarla tədqiqatçının istifadə etdiyi biblioqrafiyanın həm çap, həm də onlayn versiyası mütəmadi yenilənir. Bir çox Şimali Amerika və Avropa ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri bu biblioqrafiyaya abunə olur.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə akademik Kamal Abdullayev jurnalın baş redaktoru təyin olunduqdan sonra AMEA Rəyasət Heyətinin müvafiq qərarı istiqamətində dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, mədəniyyət, incəsənət, yazılı abidələr və türkoloji mərkəzlərlə bağlı məqalə və resenziyaların çapına qərar verilmişdir.

Qeyd edək ki, “Türkologiya” jurnalının ildə dörd sayı (mart, iyun, sentyabr və dekabr aylarında) nəşr olunur.

Jurnalla bağlı daha ətraflı məlumatı jurnalın elektron adresindən (“www.turkologiya.org”) əldə etmək mümkündür.

Müəllif: Nailə Məhərrəmova
loading...