AMEA əməkdaşlıq əlaqələrini genişləndirir

Oktyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev Clarivate Analytics (Thomson Reuters) təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan ölkələr üzrə baş direktoru Viji Krişnanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AMEA-dan SİA-ya verilən xəbərə görə, görüşdə akademik İbrahim Quliyev AMEA ilə Clarivate Analytics təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb.

Qeyd edib ki, Azərbaycanda Clarivate Analytics şirkətinin Web of Science məlumat bazasının istifadəçilərinin sayı tədricən artır, iki təşkilat arasında mövcud olan əməkdaşlıq daha da dərinləşir. AMEA-nın vitse-prezidenti təşkilat rəhbərliyinə yaradılan imkanlara görə minnətdarlığını bildirib. Həmçinin Akademiyanın ayrı-ayrı elmi müəssisələrinin bu sahədəki fəallığını müəyyən etmək məqsədilə statistik göstəricilərin AMEA-ya təqdim edilməsi üçün müraciət edib.

Sonra baş direktor Viji Krişnan çıxış edərək AMEA ilə Clarivate Analytics arasında əməkdaşlığın hər iki tərəf üçün geniş perspektivlər yaratdığını qeyd edib. Qonaq bildirib ki, görüşün əsas məqsədi AMEA ilə Clarivate Analytics təşkilatı arasında birgə əməkdaşlığın gedişatını və Web of Science elmmetrik məlumat bazasından istifadə imkanlarının genişləndirilməsini müzakirə etməkdir. Təşkilat tərəfindən alimlər üçün nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr qaydalarını izah edən master-klassların təşkil olunduğunu deyən Viji Krişnan gələcəkdə bu kimi təlimlərin AMEA-nın gənc alimləri üçün də keçiriləcəyini vurğulayıb.

Tərəflər patentlərin alınması, müəllif hüquqlarının qorunması, elmin kommersiyalaşdırılması, elmi nailiyyətlərin istehsalatda tətbiqi kimi vacib məsələləri də müzakirə ediblər.

Görüşdə həmçinin Clarivate Analytics təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin, təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov, Clarivate Analytics agentliyinin Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak ediblər.

Müəllif: Nailə Məhərrəmova
loading...