Dövlət sirri təşkil edən məlumatların olduğu poçt göndərişləri daha etibarlı daşınacaq

"Poçt haqqında" qanunda dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən, qanuna xüsusi poçt rabitəsi ilə bağlı yeni maddə əlavə edilib.

Layihəyə əsasən, xüsusi təyinatlı poçt rabitəsinin əhatə dairəsi dəqiqləşdirilib, habelə xüsusi təyinatlı poçt rabitəsinin bir növü olan xüsusi poçt rabitəsi xidmətinin vəzifələri, fəaliyyət sahəsi, bu xidmətin göstərilməsi ilə bağlı olan digər məsələlər tənzimlənir.

Sənəddə deyilir ki, xüsusi poçt rabitəsi xidməti "Dövlət sirri haqqında" qanunla qorunan məlumatların, qiymətli metalların, qiymətli daşların, zərgərlik məmulatlarının, qiymətli kağızların və xüsusi yüklərin göndərildiyi poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, saxlanmasını, daşınmasını və ünvan sahiblərinə çatdırılmasını həyata keçirir.

Xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydalarını, habelə xüsusi yüklərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Qeyd edək ki, xüsusi poçt rabitəsi xidmətinin tənzimlənməsi bu xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, dövlət sirri təşkil edən məlumatların və qiymətli əşyaların olduğu poçt göndərişlərinin daha etibarlı daşınmasını və ünvan sahiblərinə çatdırılmasını təmin edəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə