“İnnovasiya ekosisteminin qurulması” adlı seminar öz işinə başlayıb

Oktyabrın 19-da “İnnovasiya ekosisteminin qurulması” adlı seminar öz işinə başlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, millət vəkilləri, dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd müvafiq dövlət və özəl qurumların birgə innovasiya ekosisteminin təşəkkülü ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək verməkdir.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov insan kapitalının inkişaf etdirilməsi sahəsində dünyanın qabaqcıl təhsil ocaqlarından olan Berkli Kaliforniya, Stenford universitetləri, “Global Innovation Catalyst” şirkəti ilə əməkdaşlığın ölkəmizin ali təhsil sistemi üçün yeni imkanlar yaradacağını bildirib. Ölkə rəhbərinin təsdiq etdiyi iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələri və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərindən biri kimi insan kapitalının vacibliyini vurğulayan təhsil naziri bu tədbirin gələcəyə baxış strategiyaları ilə innovasiyaların inkişafına xidmət edəcəyini bildirib.

Nazir qeyd edib ki, bu üç tərəfli sinerjidə ali təhsil müəssisələri platforma rolunu oynaya bilər. İnnovativ ekosistemin formalaşması və inkişafında sahibkarlıq universitet modelinin günümüzdə daha da aktuallaşdığını qeyd edən Mikayıl Cabbarov Bakı Mühəndislik Universitetinin bu formada fəaliyyət göstərməsi üçün ilk addımlar atdığını bildirib.

Sonra çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə strateji yol xəritələrində startapların, kiçik və orta sahibkarların biznes bacarıqlarının artırılmasına xüsusi yer verildiyini, iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyaların dinamik inkişafı məqsədi ilə dövlət tərəfindən mühüm addımlar atıldığını vurğulayıb. Nazir həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkənin bir sıra ali təhsil müəssisələrində biznes inkubatorların yaradıldığını, “SABAH” qrupları ilə əməkdaşlıq memorandumunun imzalandığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün göstərilən dövlət qayğısından danışaraq Azərbaycanda innovativ iqtisadiyyata təkan vermək məqsədi ilə bir sıra tədbirlərin həyata keçirildiyini bildirib.

Rəsmi çıxışlardan sonra “Global Innovation Catalyst” şirkətinin qurucusu və sədri Kəmran Elahianın “Qazıntı iqtisadiyyatından innovativ iqtisadiyyata” mövzusunda təqdimatı olub.

Berkli Kaliforniya Universitetinin professoru Qreqori LaBlank “Startap ekosistemi: Silikon Vadisinin əsasları və hökumətin rolu” mövzusunda çıxış edib. Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva seminar iştirakçıları ilə görüşüb.

Üç gün davam edəcək seminarda iştirakçılar tərəfindən sahibkarlıq ekosisteminin transformasiyası əsasında bilik əsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair üç illik fəaliyyət planının hazırlanması nəzərdə tutulur.

Seminar çərçivəsində vençur maliyyəsi, sahibkarlıq təhsili, mədəniyyəti mövzusunda təlim və müzakirələr, vençur investorların panel müzakirəsi təşkil olunacaq.

Tədbir Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Mühəndislik Universiteti tərəfindən təşkil olunub. Tədbirin baş sponsoru “Kapital Bank”, sponsorları isə Azərbaycan İnvestisiya Şirkəti, “AzIntelekom” MMC və AMEA Yüksək Texnologiyalar parkıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə