Ukrayna saytında Azərbaycanın müstəqilliyinə həsr edilmiş məqalə dərc olunub

Ukraynanın versii.com saytında “Azərbaycanın müstəqilliyi əbədi və sarsılmazdır” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, həmin məqalənin müəllifi bizim həmvətənimiz, hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Hüquq kafedrasının professoru Arif Quliyevdir.

Məqalədə deyilir: “Keçən əsrdə Azərbaycan iki dəfə suveren dövlətə çevrilmək üçün bütün şanslara malik idi. Lakin 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ömrü, təəssüf ki, cəmi iki ilə yaxın oldu. Həm xarici müdaxilə, həm daxili qarşıdurmalar, həm də ümumi siyasi qeyri-sabitlik Azərbaycanın müstəqilliyinin itirilməsinə səbəb oldu. Təxminən yetmiş ildən sonra Azərbaycan ikinci dəfə müstəqilik əldə etmək şansı qazandı. Bu şans Sovet imperiyasının dağılması ilə əlaqədar idi. Sovet İttifaqının tərkibindən çıxmaq Azərbaycana özünün itirilmiş dövlət müstəqilliyini bərpa etmək imkanı verdi”.

1991-ci ilin oktyabrında Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Bu əlamətdar tarixi sənəd xalqın çoxdan gözlədiyi azadlığa nail olmağın təməlini qoydu. Azərbaycan xalqı müstəqillik axtarışında çox çətinliklərlə üzləşib, lakin bütün bu çətinliklər və sınaqlar onu seçdiyi yoldan döndərə bilmədi.

Müəllif müstəqillik dövrünün ilk illərinə tarixi ekskurs edir. Gənc dövlətin təşəkkülü prosesi qanlı hadisələrlə müşayiət olunurdu. 1990-cı ilin Qanlı Yanvar faciəsi zamanı Sovet imperiyasının Azərbaycanı zor gücünə öz rejiminə tabe etməyə çalışması, erməni silahlı dəstələrinin təcavüzü nəticəsində başlanmış Qarabağ müharibəsi və daxili siyasi intriqalar – bütün bunlar gənc müstəqil respublikanın mövcudluğunu təhlükə altına alırdı. Lakin insanlar azadlığın dadını hiss edəndən sonra bu yolu sona qədər getməyə hazır idilər.

Müstəqillik uğrunda mübarizədə yüzlərlə oğlunu və qızını itirmiş Azərbaycan israrla yeni həyata doğru irəliləyirdi. Nəhayət, azərbaycanlıların bu amalı reallığa çevrildi.

Öz müstəqilliyini bəyan etmiş Azərbaycan Respublikası son dərəcə mürəkkəb tarixi şəraitdə fəaliyyətə başladı. Kəskinləşmiş xarici və daxili siyasi münaqişələrlə əlaqədar bu qədər çətinliklə qazanılmış azadlığı itirmək təhlükəsi yarandı. Bir tərəfdən, son dərəcə gərginləşmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, digər tərəfdən - ölkənin o vaxtkı rəhbərliyinin siyasi səbatsızlığı və bu siyasətin tamamilə qeyri-adekvat olması Azərbaycanın dövlətçiliyinin itirilməsi təhlükəsinə səbəb olmuşdu. Lakin 1993-cü ildə görkəmli siyasi lider, müdrik rəhbər Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində bu təhlükə aradan qaldırıldı.

Professor Arif Quliyev qeyd edir ki, xalqın israrlı tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyev o vaxtkı şəraitdə az qala namümkün olan tədbirlər görərək Azərbaycan xalqının ədəbi müstəqilliyini qoruyub saxladı. Müstəqillik haqqında rəsmi sənədin 1991-ci il oktyabrın 18-də qəbul edilməsinə baxmayaraq, Azərbaycan özünün həqiqi müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qazandı. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik məharəti Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qorudu. Heydər Əliyev ölkədə hərc-mərcliyi və anarxiyanı, iqtisadi, siyasi və psixoloji gərginliyi aradan qaldırdı.

Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət acaraq qeyd edir ki, BMT Baş Məclisinin bu yaxınlarda keçirilmiş 72-ci sessiyasında Prezident İlham Əliyev Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə etinasızlıq göstərilməsi barədə öz mövqeyini şərh edərək deyib: “... Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır... Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycan dövlətinin siyasi fəlsəfəsi belədir. Əvvələn, beynəlxalq ictimaiyyətin bu məsələyə dair işinin nəticələri İlham Əliyev tərəfindən ifadə edilmiş bir mənəvi meyar üzrə qiymətləndirilir: “Diplomatik uğurlar, əlbəttə ki, bizi sevindirir və mövqeyimizi gücləndirir. Ancaq bir halda ki, torpaqlarımız hələ də işğal altındadır, bütün bu nəticələrin böyük əhəmiyyəti yoxdur. Əhəmiyyət o olacaq ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunacaq, bizim soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar. Bizim soydaşlarımız işğal olunmuş torpaqlara - Dağlıq Qarabağın ətrafında yerləşən torpaqlara və Dağlıq Qarabağa da qayıtmalıdırlar”.

Məqalədə qanlı münaqişə qurbanlarının sayı barədə məlumat verilir. Bu münaqişə nəticəsində erməni silahlı dəstələri Azərbaycan torpaqlarının 20 faizini, o cümlədən Dağlıq Qarabağ inzibati-ərazi bölgəsinə aid olmayan, 1990-cı ilin əvvəlinə qədər yalnız azərbaycanlıların yaşadığı yeddi rayonu işğal ediblər.

Professor Arif Quliyev öz məqaləsində vurğulayır: “Bu gün Azərbaycan qoşunların təmas xəttində hakim mövqelərə tamamilə sahib olub. Əlbəttə, danışıqların bərpa edilməsində Ermənistan daha çox maraqlı olmalıdır. Ona görə ki, əks halda onları çox acı nəticələr gözləyir. 2016-cı ildə Ermənistan-Azərbaycan münaqişələri zamanı Azərbaycan qoşunları Lələtəpə kəndindən 2,9 kilometr şimal-qərbdə yerləşən eyniadlı strateji yüksəklik üzərində nəzarəti bərpa etdilər. Bu, bilavasitə cəbhə xəttini Cocuq Mərcanlı kəndindən uzaqlaşdırmağa və kəndə gediş-gəlişin təhlükəsizliyini bərpa etməyə imkan verdi”.

2016-cı il aprelin 7-də bu kənddən olan daxili köçkünlər ilk dəfə olaraq, 23 il əvvəl işğal edilib dağıdılmış evlərinə getmək imkanı qazandılar. 2017-ci ilin yanvarında Azərbaycan dövləti bu kəndin yenidən qurulması üçün 2 milyon avro məbləğində sərmayə qoyulması, kəndə yol çəkilməsi və orada 50 ev, məktəb, tibb məntəqəsi və digər zəruri infrastruktur obyektləri tikilməsi barədə qərar qəbul etdi. Hazırda 100 ailənin qəbul edilməsi üçün daha 100 mənzil tikilir. Bundan ötrü öz millətinin qələbəsi naminə hər şeyi, o cümlədən öz salamatlığını belə qurban verməyə hazır olan rəşadətli siyasətçi qəlbi ilə bərabər, həm də yüksək siyasi məsuliyyət tələb olunur.

Münaqişənin həlli üçün ciddi addımlar atmağın zəruri olduğu vaxt çoxdan yetişib. İşğala əsaslanan status-kvo dəyişdirilməlidir. Buna görə Ermənistan yalanlara və müxtəlif bəhanələrə son qoymalı, danışıqlarda xoş niyyətlə və siyasi iradə ilə iştirak etməlidir.

Məqalədə deyilir: “Bu gün danışıqlar prosesi hər hansı şərtlər qəbul edilmədən bərpa olunur. Ermənistan dünya ictimaiyyəti qarşısında növbəti dəfə özünü biabır edib və danışıqların bərpa edilməsinə görə bizə hər hansı şəkildə minnət qoymaq lazım deyil”.

Azərbaycan çoxillik fəaliyyətin nəticələrinə əsaslanaraq siyasi, iqtisadi, sosial və hərbi sahələrdə ciddi tərəqqiyə nail olub. Azərbaycan regionda strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərə bilən ölkəyə çevrilib. Müstəqil dövlət xarici siyasi prioritetlərin təmin olunmasında özünün siyasi və iqtisadi qüdrətindən, strateji mövqeyindən və zəngin təbii ehtiyatlarından bacarıqla istifadə edir. Azərbaycan öz milli maraqlarına uyğun olaraq beynəlxalq birliyin üzvlərinin əksəriyyəti ilə səmərəli əməkdaşlıq edir. Dövlət başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası sayəsində ölkə iqtisadiyyatı öz inkişaf sürətinə görə dünyada yüksək yerlərdən birini tutur. Bu gün Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan yüksək dərəcədə inkişaf etmiş ölkələrdən biridir.

Professor Arif Quliyev öz məqaləsinin sonunda yazır: “Azərbaycanın vaxtilə ulu öndər Heydər Əliyevin sayəsində qorunub saxlanmış müstəqilliyi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənir. Bütün bunlar bir daha belə deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və sarsılmazdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə