Azərbaycandakı bütün xalqlar sülh və qardaşlıq şəraitində yaşayır

Quba rayonunun Dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İslam həmrəyliyinin Azərbaycan modelinin təbliğinə dair tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində konfrans keçirilib.

SİA-nın verdiyi məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, “Dəyər” Mənəvi İrsin İctimai Birliyinin nümayəndəsi Asim Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Mübariz Göyüşlü, Qırmızı Qəsəbə Dağ Yəhudiləri dini icmasının üzvü, qəsəbə ağsaqqalı Boris Simanduyev, o cümlədən, müxtəlif dini konfessiyaları təmsil edən dini icma sədrləri və üzvləri, Qırmızı Qəsəbə ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin nümayəndəsi Asim Vəliyev bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirilir. Tədbirin keçirilməsinin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmaların nümayəndələri arasında İslam həmrəyliyinin Azərbaycan modelini təbliğ etməkdir.

Konfransda çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev bildirib ki, bu gün ölkəmiz dünyanın ən tolerant və multikultural məkanıdır. E. Ağasiyev qeyd edib ki, səmavi dinləri birləşdirən, sülhü və əmin-amanlığı özündə ehtiva edən üç mühüm cəhət var: “Xeyirxah düşüncə, xeyirxah söz və xeyirxah əməl”. Daha sonra dövlət-din münasibətlərindən söz açan natiq, respublikamızda bütün dini konfessiyalara bərabər şərait yaradılmasından, müxtəlif dinləri təmsil edən ibadət evlərinin tikilib istifadəyə verilməsi və bərpasına dövlət dəstəyindən danışıb.

Tədbirdə çıxış edən AMEA-nın əməkdaşı Mübariz Göyüşlü bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə mövcud olan davamlı inkişafın və sabitliyin qorunmasına daha bir etibarlı zəmanətdir.

Qırmızı Qəsəbə Dağ Yəhudiləri dini icmasının üzvü, qəsəbə ağsaqqalı Boris Simanduyev və Quba rayonu Xucbala kənd məscidi dini icmasının üzvü Namik Məmmədov çıxışlarında vurğulayıblar ki, Azərbaycandakı bütün xalqların və dinlərin nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə