Müstəqillik günü Lənkəran Humanitar Kollecində qeyd edildi

Bu gün Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 26–cı ildönümü münasibətilə təntənəli tədbir keçirildi. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsilə başlanıb.

Tədbiri giriş nitqi ilə açan kollecin direktoru dosent Ruslan Həmidov Müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan Respublikasının əldə etdiyi tarixi nailiyyətlərdən ətraflı danışaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26–cı ildönümünün kollecdə qeyd olunması ilə bağlı imzalanan əmr və təsdiq olunmuş tədbirlər planını bir daha diqqətə çatdırıb.

Bildirib ki, 18 oktyabr 2017–ci il tarixində, yəni bu gün ilk dərslər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26–cı ildönümünə həsr edilib. Sonra kollecin müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin “Müstəqilliyimiz əbədidir və dönməzdir” adlı məruzə edərək bildirib ki, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə edib. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtarıb. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırıb. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başlayıb. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yarıb və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəlib.

Məruzəçi Heydər Əliyev ideyalarından, Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyindən, eləcədə bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi haqqında söz açıb.

Məruzədən sonra kollecin müəllimi Nahidə Cəfərova, II kurs tələbələri Ləman Seyfullazadə və Zeynəb Hüseynli çıxış ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə