Sumqayıtda 49 partlamamış hərbi sursat aşkarlanıb

Oktyabrın 17-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində üç mərminin aşkarlanması barədə məlumat daxil olub. ANAMA-nın məlumatında deyilir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə, “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin yaxınlığında “Azərsu” ASC tərəfindən qazıntı aparılan əraziyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 49 ədəd müxtəlif parlamamış hərbi sursat (8 ədəd 125 millimetrlik, 17 ədəd 122 millimetrlik, dörd ədəd 100 millimetrlik, iki ədəd 85 millimetrlik, iki ədəd 115 millimetrlik və 4 ədəd 76 millimetrlik top mərmiləri, 3 ədəd 82 millimetrlik minaatan mərmisi, 7 ədəd raket, 1 ədəd partladıcı başlıq və 1 ədəd silah qumbarası) aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkarlanmış mərmilərin ətrafında iki min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Agentlik tərəfindən yanvarın 1-dən oktyabrın 17-dək, ümumilikdə, 7136 partlamamış hərbi sursat, tank əleyhinə 200 mina və piyada əleyhinə 32 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 726 min 997 kvadratmetr ərazi yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə