“Naxcivantv.az”-ın 1 yaşı tamam oldu

Bir il bundan qabaq Naxçıvan Muxtar Respublikasının ictimai-mədəni həyatında əlamətdar hadisə baş verdi.

2016-cı il oktyabrın 17-də, Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan Dövlət Teleradionun rəsmi internet saytı – naxcivantv.az fəaliyyətə başladı. Bununla da Naxçıvan televiziyasının internet üzərindən canlı yayımı təşkil olundu. Bu münasibətlə keçirilən təqdimat mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun da dediyi kimi, “Naxçıvan televiziyasının internet üzərindən yayıma başlaması dövlət müstəqilliyinin bəhrəsidir. Eyni zamanda bu, 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması deməkdir”.

Muxtar respublikada baş verən ən son yenilikləri operativ şəkildə izləyicilərə çatdıran naxcivantv.az saytı bu gün 1 yaşını böyük uğurlarla qeyd edir. Yeni yaradılmasına baxmayaraq, naxcivantv.az hər gün orta hesabla 15-20 min istifadəçinin müraciət etdiyi informasiya saytı ünvanına malikdir. Ötən bir il ərzində sayta dünyanın 124 ölkəsindən 5,2 milyondan çox müraciət olunub.

Naxçıvan Dövlət Teleradiosunun internet saytının “Rəsmi xəbərlər”, “Anonslar”, “Televernisaj və videoçarxlar”, “Aktual”, “İctimai”, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”, “Naxçıvanşünaslıq”, “Mətbuat səhifələrində”, “Gənclər və idman”, “Ədəbiyyat”, “Turizm”, “Reklamlar və elanlar” bölmələrində müntəzəm olaraq izləyicilərə yeni telemateriallar çatdırılır. Rəsmi xəbərlər isə Azərbaycan, ingilis və rus dillərində təqdim olunur. Muxtar respublikanın qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və turizm potensialı Naxçıvan Dövlət Televiziyası tərəfindən internet üzərindən bütün dünyaya yayılır, operativlik və dəqiqlik prinsiplərini əsas götürən xəbərlər xidməti vasitəsilə gün ərzində muxtar respublikada baş verən ən son yeniliklər, ölkə və dünya gündəmini əhatə edən informasiyalar təqdim olunur. Bütün bunların nəticəsidir ki, artıq digər informasiya saytları, televiziya və agentliklər Naxçıvan haqqında informasiya yayarkən əsasən naxcivantv.az saytına istinad edirlər.

Televiziyanın internet üzərindən canlı yayımı xarici ölkələrdə də böyük izləyici marağı qazanıb. Hazırda Türkiyənin bir çox internet saytlarında, o cümlədən canlitviz.com, hdcanlitvizler.com və hdtvler1.net saytlarında Naxçıvan televiziyasının canlı yayım linki yerləşdirilib.

Televiziya ilə yanaşı, Naxçıvan Dövlət Radiosu, 104 FM-də bu ilin aprel ayından naxcivantv.az saytı üzərindən canlı yayımlanır. Sosial şəbəkələr vasitəsilə radiomuzun canlı efirinə qoşulan böyük dinləyici kütləsi sırasında digər ölkələrin vətəndaşları və xaricdə yaşayan soydaşlarımız da var. Bu isə onu göstərir ki, 1 neçə aylıq internet üzərindən canlı yayımı həyatında Naxçıvan Dövlət Radiosu da bu imkanlardan yararlanaraq informasiya blokadası baryerlərini aşıb və öz səsini dünyanın hər yerinə çatdıra bilib.

Bir sözlə, bu gün 1 yaşını qeyd edən, geniş izləyici kütləsi toplayan naxcivantv.az saytı qədim Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, həm də müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevrilib.

Gənc, dinamik, yüksək vətənpərvər ruhlu NTV ailəsi bundan sonra da çoxminli tamaşaçı və dinləyicilərinin “süfrəsinə” bir birindən maraqlı veriliş və proqramlar, dəqiq və operativ xəbərlər verəcək. İşimiz fərqimizdi...

Bütün izləyicilərimizi və çalışqan kollektivimizi səmimi təbrik edirik!

Röyal Məmiyev

NTV xəbər

loading...