“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi növbəti tədbir keçirib

Sumqayıt şəhərində “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İslam həmrəyliyinin Azərbaycan modelinin təbliğinə dair tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov qeyd edib ki, prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə mövcud olan davamlı inkişafın və sabitliyin qorunmasına daha bir etibarlı zəmanətidir: “Ölkəmizdəki məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması üçün “İslam həmrəyliyi ili” çərçivəsində mühüm işlər görülür”.

“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, tədbirin keçirilməsinin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmaların nümayəndələri arasında İslam Həmrəyliyinin Azərbaycan modelini təbliğ etməkdir.S.Cəfərova ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərindən və Prezident İlham Əliyevin həmrəylik çağırışlarından danışıb: “Biz İslam Həmrəyliyinin Azərbaycan modeli dedikdə yalnız ölkəmizdəki müsəlmanların həmrəyliyini nəzərdə tutmuruq. Azərbaycanda yüz illərdir müsəlman, xristian, yəhudilər qardaşcasına yaşayır. Prezident İlham Əliyevin dediyi kimi bu bizim milli sərvətimiz və dəyərimizdir. Onu qoruyub saxlamaq hər birimizin borcudur”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elnarə Kərimova bildirib ki, təəssüf doğuracaq məqamlardan biri də odur ki, bu gün İslam dininin adı terrorla yanaşı çəkilir. Halbuki, İslam dini sülhü, əmin-amanlığı özündə bərqərar edən bir dindir. Ümumiyyətlə Allah tərəfindən göndərilən bütün dinlər sevgini, mərhəməti, sülhü təbliğ edir. İstər Qurani-Kərimdə, istər Tövratda, istər İncirdə şiddət, qorxu salmaq, zorakılıq lənətlənir, qadağan olunur. İslam dinində terrorun yeri yoxdur. İslama görə terror böyük cinayətdir. Müsəlmanlar dünyada sülhün, ədalətin bərqərar olunması üçün çalışmalıdırlar”.

E.Kərimovanın sözlərinə görə, baş verən hadisələr İslamı gözdən salmaqla bərabər bütün dünyada İslamafobiya meyillərinin yaranmasına gətirib çıxarır. İslamafobiya da öz növbəsində müsəlmanlara qarşı aqressiyanı artırır: “Dünyanın təhlükəsizliyini, insanların sülh şəraitində yaşamasını təmin etmək üçün tolerantlıq, multikultural dəyərlərin təbliğ edilməsi zəruridir. Bütün bunları nəzərə alaraq prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” və 2017-ci ili “İslam həmrəyliyi ili” elan edib. İslam həmrəyliyi ili elan edilməsi isə ölkədə əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərin, sülhün, barışın, dostluğun, birgə yaşayışın dünyaya ixrac edilməsinə öz mühüm töhfəsini verəcək. Münaqişələrin baş verdiyi bir dövrdə sabitlik, tolerantlıq, vəhdət, multikulturallıq nümunəsi olan Azərbaycan islam həmrəyliyini yaratmaq və bu prosesə öz töhfəsini vermək iqtidarındadır. Prezident İlham Əliyevin İslam həmrəyliyinə çağırışı bütün İslam dünyasında xalqların, ölkələrin, iqtisadi, mədəni, elmi əməkdaşlığına, eyni zamanda İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik və sülh ideyalarının daha da diqqət mərkəzinə çəkilməsinə xidmət edir”.

E.Kərimova qeyd edib ki, həmrəyliyə çağırış edən Azərbaycanın buna çox böyük haqqı var. Azərbaycan dünyada tolerantlıq, dözümlülük, multikulturallıq nümunəsi kimi qəbul edilir. İslami dəyərlərin ən yüksək səviyyədə yaşandığı ölkəmizdə yüz illərdir ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayır.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazisi, Sumqayıt Cümə Məscidinin axundu Hacı Rauf Sərdarov isə deyib ki, bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etməkdir. İslamın yanaşması məhz belədir. Bəşəriyyəti, insanlığı xilas etmək və onları sülhə, birliyə, bərabərliyə səsləmək. Müqəddəs kitabımız olan Qurani Kərimdə də buyurulur ki, oxumaq, bilik əldə etmək çox vacibdir. İnsanlar nə qədər oxusa, bilgili olsa, maariflənsək dinimizi o qədər doğru anlayarıq və bəd əməllərdən uzaq olarıq”.

Sumqayıt şəhər “Həyat sözü-2” xristian dini icmasının sədri Elçin Paşayev isə vurğulayıb ki, prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın bütün İslam dünyasında, ümumiyyətlə, bütün dünyada bir barışdırıcı qüvvəyə çevrilməsi baxımından çox məntiqli bir addımdır.

loading...