Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-140, Kiçik Qafqazın çaylarında 190-230, Lənkəran-Astara bölgəsi çaylarında 50-100 , Naxçıvan Muxtar Respublikası çaylarında isə 170 faizini təşkil edir.

Departamentdən SİA-ya verilən məlumata görə, oktyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 175 kubmetr olmaqla ongünlük normanın 104 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 127 kubmetr təşkil etməklə ongünlük normanın 75 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 10 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 93 kubmetr olmaqla ongünlük normanın 87 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 64 kubmetr təşkil edərək ongünlük normanın 60 faizinə bərabər olub.

Oktyabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 4 santimetr artım, Şirvanda 10, Bankədə 9 santimetr azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 381 (2016-cı il oktyabrın 13-də 400 sm), Şirvanda 263, Salyanda 240 (2016-cı il oktyabrın 13-də 259 sm), Bankədə 208 (2016-cı il oktyabrın 13-də 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 106 santimetr (2016-cı il oktyabrın 13-də 115 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə