YAP-ın Nərimanov və Xəzər rayon təşkilatları birgə tədbir keçiriblər FOTO

Bu gün YAP-ın Nərimanov və Xəzər rayon təşkilatlarının birgə təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, YAP Nərimanov rayon təşkilatının qərargahında keçirilən tədbirdə öncə iştirakçılar qərargahın foyesində Ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, Ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı: “Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir”. Çıxış edən YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı YAP ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu fəaliyyət bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əməllərini yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq”. Çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu tədbir iştirakçılarını YAP-ın yaranmasının 25 illiyi münasibətilə təbrik edib. Hikmət Babaoğlu YAP-ın yaradılmasının tariximizdə mühüm yer tutduğunu bildirib. Millət vəkili deyib ki, YAP siyasi təşkilat kimi, əslində, Azərbaycan xalqının sosial sifarişindən meydana çıxan bir partiyadır. “YAP Azərbaycan tarixində Heydər Əliyev dühasının imzasıdır, möhürüdür”, - deyən Hikmət Babaoğlu qeyd edib ki, YAP qısa müddətdə Azərbaycan siyasi sisteminin ən güclü siyasi təşkilatına çevrilməklə, cəmiyyətdə dominant qüvvəyə çevrildi və bu, bu gün də belədir. Onun sözlərinə görə, partiya Azərbaycan cəmiyyətinə siyasi əxlaqla, siyasi mədəniyyətlə, eləcə də siyasi hüquqla bağlı yeni dəyərlər gətirdi: “YAP fəaliyyət göstərdiyi bütün dövrlərdə opponentləri, yəni müxalifət partiyaları və vətəndaş cəmiyyətinin digər subyektləri ilə münasibətlərini qarşılıqlı dialoq və sivil üsullarla qurmağa çalışdı. Azərbaycan cəmiyyətinə sadaladığımız dəyərləri gətirməklə, YAP özü də bir dəyərə çevrildi. Bu gün YAP Azərbaycan cəmiyyətində bir siyasi dəyərdir”. “İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq”, - deyə Hikmət Babaoğlu vurğulayıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev isə çıxışında bildirib ki, YAP xalqın sevdiyi, etimad göstərdiyi partiyadır: “Ona görə də yarandığı qısa müddətdən sonra partiyamız hakimiyyətə gəldi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu öndər Azərbaycanı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. Əlbəttə ki, bu gün Ulu öndərin əsasını qoyduğu siyasi kurs möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev tərəfindən uğurla

davam etdirilir”. Tədbirdə həmçinin, Bakı Humanitar Kollecinin direktor müavini Rasim Rzaxanov və Kooperasiya Universitetinin fakültə dekanı Vilayət Əliyev çıxış edərək YAP-ın Azərbaycanın müasir siyasi tarixində rolu və əhəmiyyəti haqqında fikirlərini bildiriblər. Tədbirin sonunda partiyanın bir qrup fəal gəncinə Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə