Polis veteranlarından gənclərə tövsiyə...

Ölkəmizin müxtəlif bölgələrində polis veteranları cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında, gənç əməkdaşların təlim-tərbiyyəsində, peşəkarlıqlarının artırılmasında öz bilik və təcrübələrini bölüşürlər.

Bu ilin 9 ayı ərzində Ağdaş RPŞ-nin polis veteranları bir sıra maarifləndirici tədbirlər həyata keçiribilər. Rayon Polis Şöbəsinin Veteranlar Şurasının təşkilatçılığı ilə rayonun Xosrov, Cüvəkənd, Aşağı Nemətabad, Şəkili, Yuxarı Ağcayazı kənd tam orta məktəblərində, həmçinin Ləki qəsəbə icra nümayəndəliyində və Heydər Əliyev Mərkəzində məktəblilər və ictimaiyyət nümayəndələri ilə bir sıra görüşlər keçiriblər.

“Azyaşlı və yeniyetmələr tərəfindən ictimai asayişin və hüquq qaydalarının pozulmasının qarşısının alınması yolları”, “Müəllim, valideyn və şagird münasibətlərində gərginliyin yaranma səbəbləri”, ”Narkomaniyaya və dini ekstremizmə qarşı mübarizə tədbirləri”, “Baş verə biləcək cinayətlərin qarşısının alınmasında və baş vermiş cinayətlərin açılmasında ictimaiyyətin rolu” mövzusunda keçirilən tədbirlərdə polis veteranları geniş çıxış edərək öz tövsiyələrini veriblər.

Qeyd edək ki, cari ilin ötən dövründə rayon ərazisində baş vermiş cinayətlərin açılmasında, axtarışda olanların tutulmasında, profilaktiki uçotda olanlar tərəfindən törədilə biləcək cinayət hadisələrinin və hüquq pozuntularının qarşısının alınmasında veteranlarımız polis əməkdaşlarına da müvafiq köməkliklər göstərib, eyni zamanda vaxtaşırı olaraq gənc polis əməkdaşları ilə xidməti anda, dövlətçiliyə sədaqət, vətənpərvərlik ruhunda söhbətlər aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə