Səbaildə görkəmli alim Aida İmanquliyevanın xatirəsi yad edilib

Səbail rayonundakı 132-134 №-li Təhsil Kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida xanım İmanquliyevanın anadan olmasının 78-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. SİA-nın xəbərinə görə, əvvəlcə qonaqlar Təhsil Kompleksinin tarix muzeyində 1957-ci ildə bu təhsil müəssisəsini Qızıl medalla bitirmiş Aida xanım İmanquliyevaya həsr olunmuş guşəyə baxıb, burada toplanmış foto şəkillər və sənədlərlə tanış olublar.

132-134 №-li Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova məktəbin məzunu, görkəmli şərqşünas alim və pedaqoq, professor Aida xanım İmanquliyevanın şərəfli ömür yolundan, cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıb. Qeyd olunub ki, məktəbdə 5 ildir ki, həyata keçirilən «Unudulmaz məzunlar» layihəsi çərçivəsində ilk tədbir də məhz bu gün doğum gününü qeyd etdiymiz Aida xanım İmanquliyevaya həsr olunub. Professor Aida İmanquliyevanın nəciblik, xeyirxahlıq, saflıq mücəssəməsi olduğunu söyləyən Sara Xanlarova alimin əziz xatirəsinin könüllərdə daim yaşayacağını bildirib.

Kompleksin zalında Səbail Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, Milli Məclisin üzvləri, qonaqlar, müəllim və şagirdlərin iştirakı ilə keçirilən tədbirin əvvəlində Təhsil Kompleksinin şagidləri, gənc və tanınmış aktyorlar tərəfindən Aida xanım İmanquliyevanın məktəb və gənclik illərinə həsr olunmuş şəhnəciklər göstərilib, şagirdlərin ifasında ərəb və digər xarici dillərdə şerlər və həmin illərin mahnıları səslənib, Aida xanımın məktəb, tələbəlik, gənclik, elmi-pedaqoji fəaliyyətini əks etdirən video-slaydlar və görkəmli alimin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Bildirilib ki, 1957-ci ildə 132 nömrəli orta məktəbi qızıl medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (BDU) fərqlənmə diplomu ilə bitirən Aida İmanquliyeva universitetin aspirantı olur, təhsilini keçmiş SSRİ Elmlər Akademiyasında davam etdirir, namizədlik və doktorluq dissertasiyası müdafiə edir.

Azərbaycanda ilk şərqşünas qadın elmlər doktoru olan Aida xanım həm də bacarıqlı elm təşkilatçısı olub, ərəb dilindən rus və Azərbaycan dillərinə tərcümələr edib, o, həm də çoxsaylı elmi məqalələrin müəllifi olub. Aida xanım Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konfranslarda, simpoziumlarda, sessiyalarda məruzələrlə çıxış edib.

Çıxış edən akademik Vasim Məmmədəliyev, A.İmanquliyevanın tələbəsi olmuş Gülnarə Məmmədova Aida xanım barədə xatirələrini danışdılar.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov professor Aida xanım İmanquliyevanın Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan danışıb, onun elmi irsinin, əsərlərinin əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, Sərq-Qərb mədəni əlaqələrinin inkişafında professor Aida İmanquliyevanın tədqiqatları xüsusilə böyük aktuallıq kəsb edib.

Azərbaycan qadınına xas olan ən gözəl, ən nəcib xüsusiyyətləri özündə cəmləşdirən Aida xanım İmanquliyevanın vətənə yüksək intellektual səviyyəli, dərin mənəvi keyfiyyətləri ilə nümunə olan övladlar bəxş etdiyini bildirən Eldar Əzizov alimin əziz xatirəsinin könüllərdə daim yaşayacığını söyləyib.

Tədbirdə qonaqlara Təhsil Kompleksi tərəfindən çap olunan Aida xanım İmanquliyevanın məktəb illəri, geniş və səmərəli elmi, pedaqoji fəaliyyəti, nəsillərə nümunə olan gözəl ailə mühiti və s. barədə məlumatlar, xatirələr toplanmış «Unudulmaz məzun – Aida İmanquliyeva» kitabı təqdim olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə