Azərbaycanla Xorvatiya arasında miqrasiya müzakirələri olub

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Zaqrebdə Xorvatiyanın Əhali, Ailə, Gənclər və Sosial Siyasət Nazirliyinin rəhbərliyi ilə görüşüb. DMX-dan SİA-ya verilən məlumata görə, görüşdə diqqətə çatdırılıb ki, bu gün dünyada əhali, ailə, gənclər və sosial siyasət məsələləri dövlətlərin həssas yanaşdığı sahələrdir.

Dövlət Miqrasiya Xidmətinin rəisi qeyd edib ki, bundan irəli gələrək, Azərbaycanda da demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq, ailələrin möhkəmləndirilməsini və miqrasiyanın tənzimlənməsini təmin etmək məqsədilə mühüm tədbirlər görülür. Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti nəticəsində ölkəmiz bir sıra mühüm uğurlar əldə edir. Prezident İlham Əliyev tərəfindən bu günlərdə Azərbaycan gəncliyi ilə bağlı sayca üçüncü, 2017-2021-ci illəri əhatə edən növbəti Dövlət Proqramının imzalandığını deyən F.Nəbiyev bu sənədin gənclərin şəxsi inkişafına, ölkə səviyyəsində geniş tərkibli işlərin aparılmasına təkan verəcəyini konkret faktlarla əsaslandırıb.

Xidmət rəisi bildirib ki, ailə münasibətlərinin insan həyatının mühüm aspektlərindən birini təşkil etməsi nəzərə alınaraq, Azərbaycan dövləti tərəfindən ailə dəyərlərinin qorunmasına dair qanunlar qəbul edilir, xüsusilə də uşaq hüquqları, ailə siyasəti və gender bərabərliyi sahələrində ölkəmizdə dövlət siyasəti həyata keçirilir.

F.Nəbiyev məlumat verib ki, ilk dəfə Azərbaycanda qəbul olunmuş və 1 avqust 2013-cü ildən qüvvədə olan Miqrasiya Məcəlləsində də ailə birləşməsi prinsipinə xüsusi yer verilib. Məcəlləyə əsasən Azərbaycan vətəndaşı ilə nikahda olan yoluxucu xəstəlik daşıyıcısı olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə yaşamaq icazəsi verilməsində də güzəşt tətbiq edilir.

Bununla yanaşı DMX-nin təşəbbüsü ilə 2017-ci ildə qanunvericiliyə dəyişikliklər edilərək, ölkə ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış şəxsin qaçqın statusu almaq niyyəti olduqda DMX-ya müraciət etməsi proseduru və onların sosial müdafiəsi, hüquq və mənafeləri ilə bağlı məsələlərə aydınlıq gətirilib. Hazırda, belə şəxslər ölkə ərazisində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bərabər tutulur və onların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur.

DMX-nin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinin fəaliyyəti haqqında danışan Xidmət rəisi deyib ki, Miqrasiya Məcəlləsi və 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”na əsasən əcnəbilər Mərkəzdə xüsusi yaşayış otaqlarında bir ailəyə mənsub olmaları, yaşı, cinsi, məhkumluğu, səhhəti nəzərə alınmaqla saxlanılırlar. Mərkəzdə məcburi saxlanılanlar könüllü saxlanılanlardan, ailə üzvləri istisna olmaqla qadınlar kişilərdən, yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan ayrı yerləşdirilirlər.

İstər ölkəmiz, istərsə də miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı həyata keçirilən tədbirlərə dair məlumat görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Elə həmin gün Xaricdə Yaşayan Xorvatlar üzrə Mərkəzi Dövlət İdarəsi rəhbərliyi ilə görüş olub. İdarənin fəaliyyəti ilə tanışlıq və geri qayıtmış və readmissiya olunmuş xorvatların reinteqrasiyası, məşğulluğunun təmini və sosial müdafiəsi ilə bağlı Xorvatiyanın təcrübəsinin öyrənilməsi məqsədilə keçirilən görüşdə DMX rəisi bildirib ki, ölkəmizdəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması məqsədi ilə 2009-cu ildə yaradılmış Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edilir.

F.Nəbiyev diqqətə çatdırıb ki, Xidmət tərəfindən readmissiya edilmiş vətəndaşların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reinteqrasiyası ilə bağlı həmin şəxslərə mütəmadi olaraq hüquqi yardım göstərilir. Bununla belə, readmissiya olunmuş vətəndaşlarla keçirilən sorğular və onların Xidmətə müraciətləri əsasında cəmiyyətə səmərəli və dayanaqlı sosial-iqtisadi reinteqrasiyaları istiqamətində ehtiyaclarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Səhiyyə nazirlikləri və digər dövlət orqanları, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir və əməli tədbirlər görülür.

DMX miqrasiya sahəsində ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir və hazırda bir sıra ölkələrlə miqrasiya sahəsində əməkdaşlığa dair sazişlərin imzalanması istiqamətində iş aparır deyən Xidmət rəisi Avropa İttifaqı ilə qüvvəyə minmiş readmissiya Sazişindən irəli gələrək, Azərbaycan ilə Xorvatiya arasında sözügedən Sazişin İcra Protokolunun imzalanması məsələsinin müzakirəsinə dair söhbət açıb.

Görüşdə miqrasiya proseslərinin tənzimlənməsi, readmissiya və reinteqrasiya məsələləri ilə bağlı Azərbaycanın təcrübəsi yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə