QHT-hökumət münasibətləri mövzusunda regional konfrans

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 22 sentyabr 2017-ci ildə Mingəçevir şəhərində Ağcabədi, Yevlax, Qəbələ, Beyləqan, Bərdə, Oğuz, Kürdəmir, Goyçay, Zaqatala, Goranboy, Zərdab, İsmayıllı QHT-ləri və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları" mövzusunda regional konfrans keçirib. Şuradan SİA-ya verilən xəbərə görə, toplantıda çıxış edən Mingəçevir şəhər icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev dövlətin davamlı dəstəyi nəticəsində artıq QHT-lərin regionlarda da aparıcı ictimai təsisatlara çevrildiyini bildirib. QHT-lərin inkişafı üçün zəruri imkanların yaradıldığını bildirən S. Əliyev yerli QHT-lərlə səmərli əməkdaşlıq etdiklərini deyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Şura sədrinin müavini Vüsal Quliyev bildirib ki, Azərbaycan cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil. QHT-lərin ictimai problemlərin həllində iştirakları, təşəbbüskarlıqları il-ildən daha da artmaqdadır. V. Quliyev regionlarda QHT-lərin yerli icra qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurmasının diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Şura sədrinin müavini prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm mərhələnin əsasını qoyduğunu bildirib.

V. Quliyev ölkəmizdə mövcud olan QHT-hökumət münasibətlərinin dünyada uğurlu nümunə kimi öyrənildiyini deyib.

Vüsal Quliyev qeyd edib ki, dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatında fəal iştirak etsin. Milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq edilsin. QHT-lər sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.

Konfransda “QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri” mövzusunda geniş məruzə ilə çıxış edən Şura Katibliyini icraçı direktoru Fərasət Qurbanov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlətin QHT sektorunun formalaşma istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən danışıb. İcraçı direktor cənab prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq hazırda ölkəmizin bütün regionlarında QHT-lərin dövlət qurumlarının başlıca partnyoruna çevrildiyini və fəaliyyət imkanlarının artdığını deyib. Fərasət Qurbanov artıq QHT-hökumət münasibətlərinin əməkdaşlıqdan tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb: “QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. Dövlət QHT-lərin inkişafı üçün zəruri olan bütün addımları atır. QHT-lər hər il sosial, humanitar, ekoloji, iqtisadi və sahələr üzrə yüzlərə layihə həyata keçirərək cəmiyyətin maariflənməsinə, ictimai problemlərin həllinə töhfələrini verirlər”.

Şuranın QHT-lərə göstərdiyi xidmətlərlə bağlı geniş təqdimatla çıxış edən F. Qurbanov həmçinin təmsil etdiyi qurumun formalaşma prinsipləri, qrant müsabiqəsi mövzuları haqqında da danışıb. İcraçı direktor qeyd edib ki, Şuranın konfrans, təlim və seminarların keçirilməsində əsas məqsəd QHT-lərin bilik və bacarıqlarını artırmaq, icra etdikləri layihələrin səmərəliliyinin artırılmasına yardım etməkdir: “Şura yalnız 2016-cı ildə 32 mövzu istiqaməti üzrə 556 layihəyə 5,3 milyon manatdan çox vəsait ayırıb. Bu layihələrdən faydalananların sayı 100 mindən artıq olub. Həyata keçirilən layihələr çərçivəsində 32 kitab nəşr olunub, 23 sayt, 26 film, 29 sosial çarx hazırlanıb”.

F. Qurbanov çıxışında 2016-cı ilin sentyabrın 9-da təsis edilən Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının fəaliyyəti və ötən bir il ərzində əldə olunan nəticələr haqqında da məlumat verib.

Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin sədri Füzuli Əsədov, Valideynlər Assosiyasiyasının sədri Fərman Nəbiyev, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şöbəsinin sədri Əliağa Bəndəliyev, Şəki ETMG İB-nin sədri Əlirza Məhərrəmov, Beyləqan Gəncləri Maarifləndirmə və Sosial İnkişaf İctimai Birliyinin sədri Zaur Quliyev, həmçinin regionun icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək QHT-hökumət münasibətlərinin inkişaf etdirilməsi və layihələrin icra prosesində qarşılaşdıqları məsələlər haqqında təkliflərlə çıxış ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə