Qadınlara verilən ilk səsvermə hüququnun 100 illiyi qeyd ediləcək

“Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin olması ölkəmizdə qadın siyasətinə göstərilən önəmi göstərir. 1998-ci ildə MDB ölkələri arasında ilk rəsmi olaraq qadın komitəsi Azərbaycanda yaradılıb”. SİA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda çıxış edərkən deyib.

Komitə sdəri söyləyib ki, 25 illik müstəqilik dövründə Azərbaycanda qadın sağlamlığı, gender məsələləri ilə bağlı mühüm qərar və qanunlar qəbul edilib: “Bu çox vacib məsələdir. Bu gün ölkəmizdə qəbul olunan dövlət proqramı yoxdur ki, o, gender ekspertiziyasından keçməsin”.

Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyon insanın 400 mindən çoxunu qadınlar təşkil etdiyini deyən H. Hüseynova söyləyib ki, bu cür psixoloji zədə alan insanlarla böyük işlər görülməli idi: “Bu insanların cəmiyyətə qaytarılması, normal şərait yaratmaq, onların sağlamlığı, təhsili, sosial durumu bizim üçün əsas idi. Bu sahədə Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın gördüyü işlər nəticəsində mühüm nailiyyətlərə əldə edə bildik”.

Komitə sədrinin sözlərinə görə, problemlərin həllində əsas məsələ qanunun qəbulu deyil, onun cəmiyyətə inteqrasiya olunmasıdır: “İnsanlar öz hüquqlarını bilməlidir. Azərbaycanda bu istiqamətdə də bir sıra işlər görülüb. Mən bir çox ölkələrdə olub, onların təcrübəsini görmüşəm. Bu baxımdan əminliklə deyə bilərəm ki, çətin vəziyyətdə olan Azərbaycanın 25 ildə əldə etdiyi nailiyyətləri heç bir ölkə əldə etməyib. Gələn il biz Azərbaycanda qadınlara verilən ilk səsvermə hüququnun 100 illiyini qeyd edəcəyik. Bu, bizim qazancımızdır və biz bunu qoruyub saxlayırıq. Azərbaycanda ilk bələdiyyə seçkilərində 4 faiz qadın seçilmişdisə, aparılan maarrifləndirmə sayəsində artıq bələdiyyədə təmsil olunan qadınların sayı 38 faizə çatıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə