“Ceyrançöl" layihəsinin 3-cü mərhələsi başlayır

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzusunda tədbir keçirəcək.

SİA xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib.

Layihənin birinci mərhələsi çərçivəsində 28 ay (Aprel 2012 – İyul 2014) ərzində 64 kv.km. olan ümumi sahənin 19 kv.km ərazisi tam təmizlənib və 14,654 PHS və 173 tank əleyhinə mina tapılaraq zərərsizləşdirilib.

Layihənin ikinci mərhələsinə 2014-cü il 8 iyul tarixindən start verilib və 24 ay müddətində davam edən mərhələ çərçivəsində 23.584.545 kv.m ərazi təmizlənib, 1,553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları tapılaraq zərərsizləşdirilib. 22 kv.km ərazini əhatə edən üçüncü mərhələ 2017-ci ilin yanvar ayında başlamış və 2018-ci il ərzində bitməsi nəzərdə tutulub.

ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl təmizləmə layihəsi”nin üçüncü mərhələsi olan 21.395.505 kv.m ərazinin təmizlənməsi NATO tərəfindən rəsmən təsdiq olunub. Türkiyə Respublikası bu layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürüb. Azərbaycan Hökuməti bu vəziyyətlə bağlı dərindən maraqlanıb və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə