UNICEF: 300 milyon uşaq zəhərli ərazilərdə yaşayır

BMT-nin Uşaq Fondunun (UNICEF) “Hər bir uşaq üçün erkən anların önəmi” adlı hesabatı yayımlanıb. UNICEF-in Azərbaycandakı nümayəndəliyindən SİA-ya verilən məlumata görə, hesabata əsasən, dünyada yalnız 15 ölkədə azyaşlı uşaqların ailələrinin dəstəklənməsini nəzərdə tutan zəruri milli siyasət mövcuddur. İkiillik ödənişsiz məktəbəqədər təhsil, ilk altı ay boyunca ana südü ilə qidalanma üçün ödənişli fasilələr və altıaylıq ödənişli analıq məzuniyyəti, o cümlədən dördhəftəlik ödənişli atalıq məzuniyyəti erkən uşaqlıq dövrünün optimal inkişafının təməlini qoyur.

Hesabatda qeyd olunub ki, Kuba, Fransa, Portuqaliya, Rusiya və İsveç hər üç sahədə müvafiq siyasəti olan ölkələr arasındadır. Bununla belə, dünyada beş yaşadək 85 milyon uşaq bu vacib üç siyasətin heç birinin mövcud olmadığı 32 ölkədə böyüyür. Təəccüblüdür ki, həmin uşaqların 40 faizi yalnız iki ölkədə - Banqladeş və ABŞ-da yaşayır. Beş yaşadək milyonlarla uşaq yeniyetməlik illərini təhlükəli mühitdə keçirir. Beş yaşadək təxminən 75 milyon uşaq münaqişələrin təsir göstərdiyi ərazilərdə yaşayır ki, bu da onlarda stress riskinin yüksəlməsinə səbəb ola bilər. Zəif qidalanma, qeyri-sağlam mühit və xəstəliklər qlobal miqyasda beş yaşadək 155 milyon uşağın inkişafın ləngiməsinə səbəb olub. Bu, onların bədən və beyinlərinin inkişaf edərək tam potensial səviyyəyə çatmasına imkan vermir.

Qlobal miqyasda təqribən 300 milyon uşaq havanın zəhərli olduğu ərazilərdə yaşayır. Son tədqiqatlar bu cür havanın uşaqların beyin inkişafına zərər vura biləcəyini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə