DMX-nın rəisi Firudin Nəbiyev Xorvatiyada səfərdədir

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev səfər çərçivəsində Xorvatiya Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüşüb.

DMX-dan SİA-ya verilən məlumata görə, qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin əhəmiyyəti qeyd edilib və hər iki ölkənin mövcud dostluq əlaqələrinin və əməkdaşlığın daha da yüksəlməsində və genişlənməsində maraqlı olduğu vurğulanıb. Dövlət başçıları səviyyəsində mütəmadi görüşlərə toxunulub, 2016-cı ildə Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Bakıya rəsmi səfəri, beynəlxalq tədbirlərdə Prezident İlham Əliyevlə görüşləri, miqrant – qaçqın böhranı və bu insanlara yardım göstərilməsi sahəsində həmfikir olduqlarının önəmi diqqətə çatdırılıb. Bildirilib ki, görüşlərdə hər iki tərəfin iqtisadi, müdafiə və təhlükəsizlik, ticarət, sərmayə qoyuluşu, turizm, nəqliyyatın bütün növləri, elmi və texniki, ekoloji, informasiya, sosial yardım, mədəni, gənclər və idman sahələrində hərtərəfli əməkdaşlıqda maraqlı olduğu vurğulanıb ki, bütün bunlar Xorvatya ilə Azərbaycanın miqrasiya sahəsində də əməkdaşlığını zərurətə çevirib.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycan Respublikasının miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanı olan DMX barədə məlumat verib. Qeyd edib ki, dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir. 2012-ci ildən Bakı və Yevlax şəhərlərində DMX-nin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzləri fəaliyyət göstərir. Mərkəzin beynəlxalq standardlara və normalara uyğun fasiləsiz fəaliyyəti üçün tam şərait yaradılıb. Burada könüllü və ya məcburi yerləşdirilən miqrantların hüquqları və vəzifələri ilə bağlı zəruri qanunvericilik aktları qəbul edilib.

F.Nəbiyev deyib ki, Azərbaycan ilə Xorvatiya arasında indiyə kimi müxtəlif sahələri əhatə edən 20-yə yaxın ikitərəfli saziş imzalanıb. Bu gün miqrasiya sahəsində də belə bir əməkdaşlıq sazişinə ehtiyac var. Bununla belə, 28 fevral 2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş Brüssel şəhərində imzalanıb və 01 sentyabr 2014-cü ildə qüvvəyə minib. Eyni məzmunlu sazişlər İsveçrə, Norveç və Monteneqro Hökumətləri ilə də imzalanıb. Sazişlərə əsasən 2014-cü ildən hazırkı dövrədək 324 nəfər Azərbaycan Respublikası vətəndaşı readmissiya olunub. Beynəlxalq tərəfdaşlarla birgə beynəlxalq layihələr çərçivəsində readmissiya olunmuş Azərbaycan vətəndaşlarının reinteqrasiyasına Xidmət tərəfindən önəm verilir. Doğrudur, indiyə qədər Xorvatiyadan readmissiya olunan Azərbaycan vətəndaşı olmayıb.

Xidmət rəisi qeyd edib ki, humanist miqrasiyanın miqrantlar və cəmiyyət üçün faydalı olacağı nəzərə alınaraq, ötən il Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında “Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi” imzalanıb. Hazırda, Sazişin icrası ilə bağlı iş aparılır.

Dövlət Miqrasiya Xidmətinin rəisi məlumat verib ki, biləvasitə ölkə prezidentinin təşəbbüsü ilə əcnəbilərin Azərbaycana gəlməsi və getməsi ilə bağlı sadələşdirilmiş prosedur tətbiq edilir. Belə ki, 2017-ci ilin əvvəlindən “ASAN Viza” sisteminin tətbiqi nəticəsində 3 gün, o cümlədən 3 saat ərzində turist vizasının alınması mümkündür.

Ermənistanın Azərbaycana təcavüzündən və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyindən söhbət açan F.Nəbiyev bildirib ki, ümumilikdə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 6,2 milyard manat vəsait xərclənib. Azərbaycan Hökuməti tərəfindən bu insanların məşğulluq, təhsil, yaşayış sahəsi və tibbi, sоsial təminatı ilə əlaqədar tədbirlər mərhələli qaydada və ən başlıcası daha ağır şəraitdə yaşayan ailələrin sоsial, mənzil-məişət prоblеmlərinin həlli istiqamətində tədbirlər bu gün də davam etdirilir. Bu məqsədlə 100-ə yaxın müasir qəsəbə salınıb. Bu qədər ağır yükü olan Azərbaycanda Dövlət Miqrasiya Xidməti qaçqınlar (sığınacaq axtaranlar) haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını 2008-ci ildən mükəmməl şəkildə təmin edir. 2013-cü ildə Dövlət Miqrasiya Xidməti Avropa Komissiyası və BMT QAK tərəfindən birgə maliyyələşdirilən “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsinə qoşularaq, layihə çərçivəsində keçirilən bütün tədbirlərdə fəal iştirak etmişdir.

Sonra Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında qüvvəyə minmiş readmissiya Sazişindən irəli gələrək, Xorvatiya Respublikası ilə sözügedən Sazişin İcra Protokolunun imzalanması məsələsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə