Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağdaş Rayon İcra Hakimiyyəti ilə birgə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib.

Qurumdan SİA-ya verilən məlumata görə, tədbirdə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, müəllimlər şagirdlər, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev bölgədə, xüsusən də Ağdaş rayonunda mövcud olan dini durum barədə konfrans iştirakçılarına məlumat verib. Şöbə müdiri çıxışında “İslam həmrəyliyi ili” çərçivəsində bölgədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən bəhs edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu bildirib. Gündüz İsmayılov ölkəmizdəki tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, respublikamızda istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını vurğulayıb.

Dövlət Komitəsi tərəfindən maarifləndirmə məqsədilə rayon və şəhərlərdə ardıcıl olaraq dəyirmi masalar və konfranslar keçirildiyini qeyd edən G. İsmayılov vurğulayıb ki, bu tədbirlərin keçirilməsində məqsəd dövlət-din münasibətləri, İslam həmrəyliyi, ölkəmizin tolerantlıq ənənələri, onların qorunması və daha da inkişaf etdirilməsidir.

G.İsmayılov onu da qeyd edib ki, ideoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. Dini kimlik dedikdə İslam, milli kimlik dedikdə isə Azərbaycançılıq nəzərdə tutulduğunu deyən sədr müavini təəssüflə qeyd edib ki, bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar.

Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Ağdaş Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov bildiriblər ki, müsəlman aləmində baş verən proseslər İslam həmrəyliyini zəruri edir. Çıxışlarda dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyi də diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə