"Təyyarə bələdçilərinin pensiyaya çıxma müddəti azaldılsın" TƏKLİF

Azərbaycanda təyyarə bələdçilərinin pensiyaya çıxma müddətinin azaldılması, onlara güzəştli sosial sığorta haqlarının tətbiq olunması təklif edilir. SİA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu günkü iclasında deputat Musa Quliyev çıxış edib.

Onun sözlərinə görə, mülki aviasiyanın uçuş və uçuş sınaq heyətinin əksər üzvlərinə sosial sığorta ilə bağlı güzəştlər tətbiq edilir: “Onlara həm stajla, həm sığorta faizi, həm də pensiyaların məbləği ilə bağlı güzəştlər edilib və bu, belə də olmalıdır. Çünki onlar çətin şəraitdə fəaliyyət göstərirlər. Lakin təyyarə bələdçiləri bu sıraya aid edilməyib”.

M.Quliyev qeyd edib ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də araşdırma aparıb. Onlar da bununla bağlı Əmək Məcəlləsi və “Pensiya haqqında” qanuna bu məsələ ilə bağlı əlavələrin edilməsinin tərəfdarıdır: “Çünki təyyarə bələdçisinin işi o qədər asan deyil. Onların da haqqı var ki, pensiyaya daha tez çıxsınlar və güzəştli sosial sığorta haqları onlara da tətbiq olunsun”.

Bütün xəbərlər Facebook səhifəmizdə