"Gazelli" zavodunda yanğın söndürüldü (YENİLƏNİB)

İki saat əvvəl Gazelli Group şirkətinə məxsus anbarların birində qısaqapanma baş verib, bu da yanğına səbəb olub. Gazelli Group şirkətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qısaqapanmanın yanğına çevrilməsinin qarşısı qısa müddət ərzində alınıb.

"Hazırda heç bir problem yoxdur. Hadisə zamanı şirkət əməkdaşlarının və ətrafda olan insanların sağlamlığına heç bir zərər dəyməyib. Bəzi KİV-lərdə guya hadisə zamanı bir neçə insanın halının pisləşməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir" deyə, bu barədə şirkətin mətbuat xidmətinin əməkdaşı Yelena Sidorenko məlumat verib.

*****

Bakıda "Gazelli" kosmetika zavodunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, yanğın Xəzər rayonunun Şüvəlan qəsəbəsində adıçəkilən zavodun anbarında baş verib.

Nazirlikdən bildiriblər ki, artıq 1 saatdan çoxdur ki, yanğın davam edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda canlı qüvvə və texnikaları cəlb edilib.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.

Yanğının söndürülməsilə bağlı tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə