Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Regional məsələlər komitəsinin 2017-ci il yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat dinlənilib.

Komitə sədri Arif Rəhimzadə bildirib ki, yaz sessiyası dövründə komitənin 8 iclası keçirilib və 12 məsələ müzakirə olunub. İclasda komitənin 2017-ci il 24 yanvar tarixli iclasında Milli Məclisin 2016-cı il payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat dinlənilib, komitənin fəaliyyəti müsbət qiymətləndirilib və komitənin 2017-ci il yaz sessiyası üçün iş planı təsdiq olunub.

İclasda qeyd olunub ki, Azərbaycanda bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi daim diqqətdə saxlanılaraq çoxsaylı tədbirlər həyata keçirilib, bir sıra normativ hüquqi aktlar qəbul edilib. 2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün 62 min 228 bələdiyyə aktı daxil olub ki, bu da 2015-ci ildəkindən 5,6 faiz çoxdur. Daxil olmuş aktlardan 58 min 923-ü qanunvericiliyə uyğun hesab edilib, 3 min 87 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün müvafiq bələdiyyələrə müraciət olunub.

Bildirilib ki, Milli Məclisin yaz və növbədənkənar sessiyaları ərzində komitənin ünvanına daxil olmuş 178 müraciət, təklif, ərizə və şikayətin 94-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Komitənin üzvləri seçicilərlə görüşlər keçirib, onların müraciətləri ilə əlaqədar müvafiq tədbirlər görüblər.

Sonra deputatlar komitənin 2017-ci il payız sessiyasında görüləcək tədbirlər və qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə