MirHəsən Seyidov: "Bu proqram gənclər siyasətini yeni mərhələyə daşıyacaq"

“2017-2021-ci illərdə Azərbaycan Gəncliyi Dövlət proqramı gənclər siyasətini yeni mərhələyə daşıyacaq”. SİA-nın məlumatına görə, bunu "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib.

Onun sözlərinə görə, informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək məqsədi ilə aparılan işlərin daha da təkmilləşməsini və müasir tələblərə cavab verməsini tələb edir: “Məhz buna görə də gənclərin maraqlarının təmin edilməsi və iqtisadi-siyasi, sosial-ictimai proseslərdə gənclərin potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılması zəruridir.

Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər gənclər siyasəti sahəsində olan normativ hüquqi aktları, habelə Azərbaycan gənclər siyasətinin bünövrəsini qoymuş və gənclər siyasətinin hüquqi-normativ aktlarını qəbul etmiş və icra mexanizmini müəyyən edib. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və müəyyən uğurlar əldə olunub. Daha sonrakı mərhələdə inkişaf edərək yeni zərurət yaradan dövlət gənclər siyasəti mövzusu 2011-2015-ci illərdə Dövlət Proqramı çərçivəsində bir çox uğurlara imza atıb, gənclərin şəxsi inkişafına, ölkə səviyyəsində geniş tərkibli işlərin aparılmasına təkan verib. Gənclər dövlət proqramı çərçivəsində bir çox yeni imkanlardan yararlanıblar”.

Təşkilatın sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən yeni imzalanmış Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət proqramı sənədi də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Dövlət proqramının qəbul olunması bu gün yetişən gənclərin inkişafına dəstək verməklə yanaşı, qarşısına bir çox məqsədlər qoymuşdur: “Dövlət proqramı bundan öncəki illərdə həyata keçirilən gənclər siyasətinin uğurlarına hesablanmışdır. Dövlət proqramında gənclərin vətəndaşlıq və vətənpərlik tərbiyəsi, sağlamlıq və xüsusi qayğıya ehtiyacı olan gənclər mövzusu, məşğulluq və gənc sahibkarların fəaliyyətinin stimullaşdırılması, gənclərin yaradıcılıq və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, gənclərin və gənclər təşkilatının fəaliyyətinin ictimai həyatda dəstəklənməsi, beynəlxalq əməkdaşlıq, ekologiya, hüquq, informasiya texnologiyaları, intellektual fəaliyyətə dair məsələlər öz əksini tapmışdır. Prezident İlham Əliyev tərəfindən qəbul olunan yeni proqram onun Azərbaycanda gənclərin inkişafına, gənclərə yönəlik olan siyasətin əhəmiyyətinə verdiyi önəmin nəticəsidir. Proqramın icrasından yararlanacaq Azərbaycan gəncliyi vətənpərvər, sağlam, intellektual, beynəlxalq rəqabətə davamlı gənc kimi formalaşacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə