İsti hava çaylara necə təsir etdi?

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət aaçıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-30 və Naxçıvan MR çaylarında isə 140 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 73 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 97 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 12 m3/s olmaqla, ongünlük normanın 13 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Bankədə 2 sm azalma, Şirvanda 2 sm artım qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində və Salyanda isə suyun səviyyəsində dəyişiklik müaşhidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm (2016-cı il sentyabrın 18-də 417 sm), Şirvanda 191 sm, Salyanda 124 sm (2016-cı il sentyabrın 18-də 254 sm), Bankədə 169 sm (2016-cı il sentyabrın 18-də 208 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2016-cı il sentyabrın 18-də 108 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə