Dövlət Miqrasiya Xidməti regionlarda tədbirlər keçirib

Hər il sentyabrın 21-i dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar ənənəvi olaraq, avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən Xaçmaz regional miqrasiya idarəsinin əhatə etdiyi Qusar rayonunda, Şəki regional miqrasiya idarəsinin əhatə etdiyi Zaqatala rayonunda və Lənkəran Dövlət Universitetində həmin şəhər və rayonların ictimaiyyətinin iştirakı ilə tədbirlər keçirilib.

Tədbirlərdə əhalinin miqrasiya sahəsində qanunvericiliyin tələbləri barədə maarifləndirilməsi istiqamətində DMX tərəfindən görülmüş işlər və əldə edilmiş nəticələrə toxunulub. Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları “Azərbaycan Dövlətinin yeritdiyi sülhsevər siyasət və bu siyasətin miqrasiya prosesinin tənzimlənməsinə təsiri”, “Miqrantların hüquqlarının müdafiəsi Dövlət Miqrasiya Xidmətinin vəzifələrindən biri kimi” və “Miqrantların cəmiyyətə inteqrasiyası” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirlərdə Azərbaycan dövlətinin müxtəlif mədəniyyətlərin inkişafını dəstəkləməklə yanaşı, mədəni qrupların sosiallaşmasına geniş imkanlar açdığı qeyd olunub.

Məruzələrdə qeyd olunub ki, son illər ölkəmizə gələn əcnəbilərin sayında ciddi artım müşahidə edilir. Vaxtilə istirahət üçün Avropaya gedənlər artıq turist kimi Azərbaycana gəlməyi üstün tuturlar. Çünki Azərbaycan sabit və tolerant ölkədir. Azərbaycandakı milli həmrəylik və xalqlar arasındakı dostluğun qürurverici olduğunu deyən məruzəçilər diqqətə çatdırıblar ki, 2007-ci ildə dünyada miqrasiya ilə bağlı indiki kimi gərgin bir vəziyyətin olmadığı vaxtda Prezident İlham Əliyev gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq Dövlət Miqrasiya Xidmətini yaratdı ki, Azərbaycanda olan miqrantlar özlərini rahat hiss etsinlər.

Tədbirlərdə qeyd edilib ki, Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü tam mahiyyəti üzrə qeyd etməsi Ermənistanın Azərbaycana təcavüzünə son qoyulmasından, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir.

Əhalinin hüquqi təfəkkürünün və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan haqları və hüquqlarının müdafiəsi, ayrı-seçkiliyin yolverilməzliyinin, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə təşkil edilən tədbirlərdə mövzularla bağlı ictimaiyyətin nümayəndələrinin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə