Prezident: "Bizim BP ilə strateji tərəfdaşlığımız böyük sınaqlardan çıxıb"

Bu gün mən xüsusilə bizim əsas tərəfdaşımızın - BP şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bizimlə BP arasında əməkdaşlığımızın da 23 illik tarixi var. Yəni, BP bizim bütün əsas layihələrimizdə əsas tərəfdaş və investor kimi fəaliyyət göstərir. Həm “Azəri-Çıraq-Günəşli”də, Bakı–Tbilisi-Ceyhan layihəsində, “Şahdəniz” layihəsində, “Cənub Qaz Dəhlizi” layihəsində. Yəni, bu strateji tərəfdaşlıq artıq böyük sınaqlardan çıxıb.

Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimində bu barədə danışan Prezident İlham Əliyev “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialından da danışıb: “Bugünkü hesablamalara görə 1 milyard ton neft ehtiyatı var. Bu gün imzalanan saziş 1994-cü ildə imzalanan sazişdən daha da böyük miqyaslıdır”.

Dövlətimizin başçısı “Əsrin kontraktı”nın sona çatdığını xatırladaraq yeni müqavilənin məhz BP ilə imzalanmasının səbəbini belə izah edib: “Kontraktın müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni kontrakt imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki, bugünkü seçimi şərtləndirdi. Mən buna çox şadam. Əminəm ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər”.

Bütün xəbərlər Facebook səhifəmizdə