İtaliyanın ölkəmizdəki səfiri AMEA-da olub FOTO

AMEA Rəyasət Heyətində İtaliyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüş keçirilib. AMEA Rəyasət Heyətinindən SİA-ya verilən məlumata görə, görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonağa rəhbərlik etdiyi elm ocağının tarixi haqqında məlumat verib. Bildirib ki, 72 ildir fəaliyyət göstərən bu qurum Azərbaycan elminin inkişafında böyük töhfələr verib. Bu illər ərzində Akademiyada prioritet istiqamətlərdə tədqiqatlar aparılıb, ölkə alimləri mühüm elmi nailiyyətlər əldə ediblər.

Sonra akademik AMEA-nın müvafiq institut və təşkilatları ilə İtaliyanın elmi mərkəzləri arasında olan əlaqələrdən söz açıb. Akademiyada fəaliyyət göstərən bir çox alim və mütəxəssislərin İtaliyada həyata keçirilən müxtəlif qrant layihələrdə fəal iştirak etdiyini deyib. Alim İtaliyanın Azərbaycana təyin olunmuş yeni səfirinin iki ölkə arasında bundan sonra da elmi əlaqələrin inkişafına köməklik göstərəcəyinə əminliyini ifadə edib. Bildirib ki, hazırda İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına dair görüləcək işlər müzakirə olunur, prioritetlər araşdırılır.

AMEA-nın prezidenti Akademiyada ilk dəfə olaraq 2015-ci ildən etibarən təşkil olunan magistratura pilləsi haqqında da məlumat verib. Bu addımın atılmasında əsas məqsədin gəncləri elmi mühitə cəlb etmək və onların elmi təfəkkürünü artırmaq olduğunu deyib.

Daha sonra akademik A.Əlizadə səfirə azərbaycanlı mütəxəssislərin hazırladığı dünya palçıq vulkanlarının atlasını təqdim edib. Ölkəmizdə uzun illərdir ki, vulkanların öyrənilməsi ilə bağlı araşdırmaların aparıldığını, bütün dünya üzrə 3000-dən artıq vulkanın siyahıya alındığını bildirib.
Görüşdə səfir Auqusto Massari iki ölkə arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib, bu əlaqələrin təşkili məqsədilə İtaliyadan nümayəndə heyəti dəvət edəcəyini diqqətə çatdırıb.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda aparılan araşdırmaları, həyata keçirilən layihələri yüksək qiymətləndirən diplomat sözügedən elmi müəssisə ilə kadr və təcrübə mübadiləsi aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Sonda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək AMEA-nın Avropa İttifaqının xətti ilə 40 ölkənin iştirak edəcəyi yeni layihəyə qoşulduğunu bildirib. Qeyd edib ki, İtaliyalı alimlərin də iştirak edəcəyi layihə çərçivəsində həm palçıq, həm də maqmatik vulkanların öyrənilməsi nəzərdə tutulur.

Görüşdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə