“Bizim istədiyimiz əmək sferasının gələcəyi” adlı konfrans keçirilib

2017-ci il sentyabrın 12-13-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birgə Avropa və Mərkəzi Asiya ölkələri üçün “Bizim istədiyimiz əmək sferasının gələcəyi” mövzusunda iki günlük regional konfransı keçirilib. SİA-ya AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, BƏT-in rəhbər işçilərinin və nümayəndələrinin iştirak etdiyi konfransda AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev çıxış edib.

Azərbaycan Həmkarlar İttifaqlari Konfederasiyası adından konfrans iştirakçılarını salamlayan S.Möhbalıyev bildirib ki, bu gün biz birlikdə əməyin gələcək sferası problemini və əmək sferasının əsas iştirakçısı - muzdlu işçinin müdafiəsində həmkarlar ittifaqının rolunu müzakirə edirik. Deyib ki, AHİK-in

bir daha beynəlxalq əmək və həmkarlar ittifaqı hərəkatının əsas ideal və məqsədlərinə - muzdlu işçilərin hüquq və mənafelərinin müdafiəsinə sadiqliyini bir daha bəyan etmək istərdim. Biz sosial dialoqu və həmkarlar ittifaqlarının həmrəyliyini əsas tutaraq respublikada iqtisadiyyatin inkişafına töhfələrimizi verir və sosial-ədalət prinsipinin həyata keçirilməsində iştirak edirik.

Son illər əmək sferasina nüfuz edən çox böyük dəyişikliklərin şahidi oluruq. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, innovasiyaların istehsalata tətbiqi, avtomatlaşdırma və “yaşıl iqtisadiyyat”a keçid həm əmək münasibətlərinin təşkilinin formalarina, həm də muzdlu işçilərin mənafelərinin ənənəvi müdafiəçisi olan həmkarlar ittifaqının fəaliyyətinə ciddi təsir göstərməyə bilməz. Hamımız üçün əməyin gələcək sferasının qlobal çağırışlarından biri məşqulluq formalarının kökündən dəyişdirilməsi və bunun davamı kimi qeyri-tipik məşğulluq şəraitində işçilərin mənafeyinin müdafiəsidir. Azərbaycan üçün də bu məsələ daha çox aktuallıq kəsb edir. Bəs məşqulluğun qeyri-tipik formaları nədir?

Bunlar daha yüksək fəaliyyət azadlığına, müstəqilliyə imkan yaradan qeyri-standart məşğulluğun formalarıdır. Başqa sözlə, ənənəvi məşğulluqda əməyin və istehsalatın təşkilində mövcud olan reqlamentləşdirmə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdir. Məşğulluğun qeyri-tipik formaları aşağıdakılardır: müstəqil işçilər, evdə əmək, çağırış üzrə işçilər,formal olaraq natamam iş günü, çevik qrafikli işlər üçün tutulmuş işçilər, muzdlu işçilər və s. Qeyri- tipik, çevik məşğulluq, onun təşkili hətta “qeyri-formal iqtisadiyyat” müəssisələrinin iş formalarından fərqlənir.

S.Möhbalıyev qeyd edib ki,yəqin bu gün qeyri-tipik, çevik məşğulluğun bütün modellərindən ətraflı söhbət gedəcək. Ona görə də mən bu barədə danışmağa lüzum görmürəm. Bildiyiniz kimi cəmiyyət, onun əmək qabiliyyətli hissəsi gündəlik həyatında qeyri-tipik məşğulluğun nümunələri ilə tez-tez rastlaşır. Bu baxımdan biz həmkarlar ittifaqları olaraq,

məşğulluğun belə formalarının hüquqi tənzimlənməsində öz yerimizi tutmalıyıq. Əmək sferasının təşkilində sosial tərəfdaşlarımızla birgə bu gün hüquqi platformanın bazasını yaratmağı bacarmasaq illərlə əldə etdiyimiz muzdlu işçilərin əsas müdafiəçisi statusunu itirə bilərik.

Çıxışçı konfrans iştirakçljarının nəzərinə çatdırıb ki, 2005-2015-ci illər ərzində ölkə iqtisadiyyatında məşğul olanların sayı 600 min nəfərədək artaraq 4672 min nəfər təşkil edib. Muzdlu işçilərin sayı isə cəmi 200 min nəfərədək artıb. Bu isə o deməkdir ki, vətəndaşlarımızın təxminən yarısı işə əmək müqaviləsi bağlanmadan və sözləşmə olmadan qəbul edilibdir. Həmin müddətdə özünəməşğul işçilərin sayı 320 minədək artaraq 1 milyon nəfərə çatıb.

Hazırda məşğulluğun qeyri-tipik formaları anlayışına vahid yanaşma mövcud deyil.Bəziləri qeyri-tipik məşğulluğu, bir qayda olaraq, standart məşğulluğa zidd görürlər. Lakin müasir dünyada informasiya texnologiyaları, rabitə vasitələri və internet inkişaf etdikcə standart məşğulluq anlayışı öz aktuallığını itirəcək. Respublika iqtisadiyyatında çevik məşğulluğun müxtəlif formaları mövcud olduğundan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz səylərini əmək qanunvericiliyində olan əsas anlayış və təyinatların dəyişdirilməsi yollarının axtarışına yönəldib. Respublika əhalisi, onun işləyən hissəsi konkret iş yerinə, işəgötürənə, iş və istirahət vaxtına, məzuniyyətə və həmkarlar ittifaqlarının sayəsində müəyyənləşdirilmiş əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının olmasına adət edib. Bu gün isə biz müşahidə edirik ki, tanıdığımız adamlar internetdəki elanlar vasitəsilə iş tapır, virtual şəkildə muzd barədə sövdələşir və işi yerinə yetirməyə başlayır. O, öz işəgötürənini görmür, ofisdə konkret iş yeri olmur. Onun yalnız bank kartı olur ki, oradakı məbləğ də işəgötürənin arzusu və istəyinə görə dəyişir. Bu gün çoxları evdə işləməyə daha çox üstünlük verir, artıq “8 saatlıq iş günü “ anlayışı aktual deyil, “iş yerinin şəraiti” anlayışı da öz əhəmiyyətini itirməkdədir.

S.Möhbalıyev onu da vurğulayıb ki, statistik orqanlar məşğulluğun “qeyri-tipik” formasının prinsipləri əsasında işini quran təşkilat və müəssisələr barədə məlumat vermir. Lakin məşğulluq haqqında olan məlumatların təhlili kənd təsərrüfatında, ticarətdə (küçə ticarətçiləri), emaletmə sənayesində (yeyinti məhsullarının istehsalı, tikiş, ayaqqabı istehsalı), inşaatda, nəqliyyatda ( taksi sürücüləri), daşınmaz əmlakla bağlı əməliyyatlarda (maklerlər) və s. qeyri-formal şəkildə məşğul olanların sayının çoxluğu haqqında daha inamla danışmağa imkan yaradır. Həyatın ritmini, işsizliklə bağlı problemləri nəzərə alarkən aydın başa düşmək olar ki , bu gün əmək bazarını daha çevik, rəqabət qabiliyyətli etmək, əhalinin məşğulluğunu artırmaq üçün qeyri-tipik məşğulluq zəruridir.

Lakin belə şəraitdə işçilərin müdafiəsinə yardım edə biləcək mexanizm üzərində kimin və necə işləyəcəyi barədə düşünmək lazımdır. Ancaq biz layiqli iş şəraitinin yaradılmasının və əməyin dəyərinin ödənilməsinin işəgötürənin arzusuna uyğun həyata keçirilməsini qəbul edə bilmərik. Məşğulluğun bütün formalarında çalışanların əmək, sosial hüquqlarının müdafiəsi üçün milli qanunvericilik, hətta BƏT-in Konvensiyaları səviyyəsində hüquqi sənədlər işlənib hazirlanmalıdır. Burada sosial-iqtisadi məsələlər üzrə Milli Üçtərəfli Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz sözünü deməlidir. Ümid edirəm ki, bu gün biz burada respublikamızda məşğulluğun qeyri-standart formalarını hüquqi müstəviyə daxil etməyin mümkün variantları haqqında fikir mübadiləsi aparacağıq.

AHİK sədri daha sonra deyib ki, ölkəmizdə baş verən struktur dəyişiklikləri yaxın zamanlarda modernləşmənin davam etdirilməsini, bir çox müəssisələrin, hətta iqtisadiyyatın bölmələrinin yenidən qurulmasını nəzərdə tutur. Biz bilirik ki, bunun ardınca işçilərin sayının, əməkhaqqı səviyyəsinin, sosial müavinətlərin və təminatların azalmasi baş verəcəkdir. Bütövlükdə bu, böyük təhlükədir. Bizim yadımızdadır ki, 2015-ci ilin sonunda respublikada ayrı-ayrı müəssisələrin yenidən qurulması və bütöv müəssisələrin optimallaşdırılması keçirilirdi. Lakin möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində bu tədbirlər planlı şəkildə, işdən çıxarılanların mənafeyi nəzərə alınaraq həyata keçirildi. Həmin işçilər yenidən hazırlanaraq qarışıq müəssisələrdə, istehsalatda, abadlaşdırma, o cümlədən digər sahələrdə işlə təmin olundular. 2016- cı ilin yanvarında keçirilən 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramının yerinə yetirilməsinə həsr edilmiş konfransda Prezident İlham Əliyev

respublikanın biznes-strukturlarına müraciət edərək qeyd edib ki, ölkədə son illər kiçik və orta biznesin inkişafı naminə çox iş görülüb. Bu məqsədlə dövlət büdcəsindən iki milyarda yaxin vəsait ayrilıb. İndi respublikanın bütün regionlarının inkişafında,orada yeni iş yerlərinin yaradılmasında biznesin fəal iştirakını gözləyirik. Ölkənin biznes-elitası bu çağırışa qoşuldu. Məsələn, Dövlət Neft Şirkəti Azərbaycan rayonlarının icra hakimiyyətləri ilə birgə abadlaşdırma işlərinin keçirilməsi üzrə mobil qrupların yaradılması üçün vəsait ayırdı. Həmin qruplarda 2500-dən çox adam işə cəlb edilmişdi. “Azərsu”, “Azenerci” və sair şirkətlarda analoji təşəbbüslər göstəriblər.

Çıxışına davam edən S.Möhbalıyev bildirib ki, espublikamızın müstəqillik əldə etməsindən cəmi 25 ildən bir qədər çox keçməsinə baxmayaraq hər il Ümumdünya Davos və Münhen iqtisadi və siyasi forumlarında və digər dünya biznes strukturlarının məlumatlarında iqtisadi sahədə bizim real nailiyyətlərimiz qeyd olunur. Hazırki inkişaf tempimiz isə neftin qiymətinin dünya üzrə aşağı düşməsinədək olan dövrdən bir qədər aşağıdır. Neftdən daxil olan gəlirlər azalıb. Qeyd etməliyəm ki, Prezidentimiz cənab İlham Əliyevin vaxtında iqtisadiyyatımızın neftdən asılılığının azaldılması təşəbbüsü sayəsində bu gün qeyri-neft sektorunda ÜDM-un həcmi ölkə üzrə 1,7 faiz artmış, neft-qaz sektorunun həcmi isə 6,6 % azalıbdır. Ölkədə əməkhaqqı 6,3 % artaraq 520 manat təşkil edib, iqtisadi inkişaf tempi bütövlükdə stabil olaraq qalmaqdadır.

S. Möhbalıyev vurğulayıb ki, ölkə rəhbərliyi sənayenin və kənd təsərrüfatının inkişafı üçün böyük işlər görür. Respublikada beş yeni sənaye texnoparkının yaradılmasına başlanılıb. Mingəçevir texnoparkında yenicə tikintisinə başlanmış 9 zavodda 5 min yeni iş yeri yaradılacaq. Ölkənin kənd təsərrüfatı da böyük sürətlə inkişaf etməkdədir. Pambıqçılıq, baramaçılıq, heyvandarlıq, tütünçülük, ipəkçilik, fındıqçılıq və başqa sahələr bərpa olunmaqdadır. Kənd təsərrüfatında çalışan muzdlu işçilərin əməyinin qeydiyyatı və qiymətləndirilməsinə dair normativ aktların işlənməsinə də həmkarlar ittifaqı diqqət yetirməli, onların layiqli əməkhaqqı hüquqlarını işəgötürənlərin özbaşınalığından qorumalıyıq.

Dünyada və onun tərkib hissəsi olan Azərbaycanda neftin qiymətdən düşməsi iş yerlərinin qıtlığına səbəb oldu. İşsizlik, iş yerlərində diskriminasiya daha çox gəncləri və qadınları əhatə etməkdədir. Gənclər arasında işsizlik, qadın əməyinin ödənilməsindəki fərq yüksək səviyyədədir. Qadınların karyerasında diskriminasiya get-gedə artır, qərar qəbul edən orqanların işində qadınların iştirakı azalır.

İqtisadi çətinliklərə rəğmən Azərbaycan dövləti əvvəlki kimi sosialyönümlülüyünü qoruyub saxlamaqdadır. Son iki il ərzində gəlirlərin səviyyəsinə görə cəmiyyətin əhəmiyyətli dərəcədə təbəqələşməsinə yol verilməyib və qeyri-neft sektorunun inkişafına nail olunub. Bununla yanaşı, muzdlu işçilərin əmək və sosial təminatlarının müdafiəsi həmkarlar ittifaqlarından daha çox diqqət tələb edir. Burada söhbət işçi işini, müəssisə ödəmə qabiliyyətini itirdiyi hallarda işçilərin müdafiəsini təmin edəcək əlavə mexanizmlərin axtarılıb tapılmasından və tətbiqindən gedir. Sahə həmkarlar ittifaqlarının tarif sazişləri və kollektiv müqavilələr imzalanarkən oraya əmək fəaliyyətinin bütün sahələri üzrə işçilərin davamlı təhsil alması və peşəkarlığının artırılmasına dair normaların daxil edilməsinə nail olması çox vacibdir. Bu, əməyin məhsuldarlığının artırılmasına xidmət edəcək, əmək bazarında işçilərin vəziyyətinin daha da sabitləşməsini təmin edəcəkdir.

Xarici investisiyalarla işləyən müəssisələrdə çalışanların müdafiəsini qanunvericiliklə gücləndirmək zamanı gəlib çatıb. Təsadüfi deyil ki, bir çox beynəlxalq həmkarlar ittifaqlarında, bəzi ölkələrdə transmilli şirkətlər haqqında ayrıca qanun qəbul edilməsi təklifi qaldırılıb. Biz BƏT-in və BHİK-ın ekspertlərindən milli üzv təşkilatlar üçün qanun layihəsinin işlənib hazırlanmasına yardım göstərməyi xahiş edərdik.

AHİK sədri deyib ki, biz sosial tərəfdaşların qəbul etdikləri qərarların tam şəkildə yerinə yetirilməsini çox mühüm faktorlardan biri hesab edirik. Dövlətlərin, həmkarlar ittifaqlarının və işəgötürənlərin əməkdaşlığı pozitiv nəticələnməli, tərəflər öz vədlərini yerinə yetirməlidirlər. Sosial tərəfdaşlıq institutunun uğurlu işinin müsbət faktorlarından biri də istehsalın idarə olunmasında və uydurulmuş “kommersiya sirri” adı altında əmək kollektivindən gizli saxlanılan

qərarların qəbulu prosesində müəssisə işçilərinin iştirakıdır. İstehsalın idarə olunmasında, həmkarlar ittifaqlarının iştirakı onun inkişafına dair mühüm məsələlərin müzakirəsinə işçilərin qoşulmasına imkan yaradır. Əmək sahəsinin gələcəyi formalaşarkən Əmək Məcəlləsinin hüquqi – normativ cəhətdən təkmilləşdirilməsi çox vacibdir.

Cəmiyyətdə sülhün və stabilliyin qorunub saxlanmasının tripartizmin bütün tərəfləri üçün ən aktual məsələlərdən biri olduğunu aydın başa düşərək həmkarlar ittifaqları Azərbaycanın əmək sferasının gələcəyi haqqında zamanın çağırışına qoşularaq BƏT-in əməyin gələcək sferasına dair Təşəbbüsünü dəstəkləyir. Biz BMT-nin 2030-cu ilədək əməyin gələcək inkişafına, işsizliklə mübarizənin son nöqtəsi kimi yoxsulluqla mübarizəyə yönəldilmiş “BMT-nın dayanıqlı inkişafının məqsədləri” adlı Proqramını dəstəkləyir və onun həyata keçirilməsində imkan daxilində iştirak etməyə çalışacağıq.

Konfederasiyamız Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın daha da fəallaşmasına və təkmilləşməsinə səy göstərəcək, onun qanunyaradıcılıq fəaliyyətinin gələcəkdə daha da təkmilləşməsinə, nəzarət mexanizminin gücləndirilməsinə hər vasitə ilə yardım edəcəkdir.

Çıxışının sonunda S.Möhbalıyev vurğulayıb ki, həmkarlar ittifaqlarının həmrəyliyini tələb edən daha bir məsələ - əmək ehtiyatlarının miqrasiyasının iqtisadiyyata təsirinin müsbət və mənfi aspektlərinin çoxluğudur. Lakin həmkarlar ittifaqlarının əsas məqsədi işçi-miqrantların necə müdafiə olunmasıdır.

Biz bu gün yeni versiyalar, təkliflər eşitmək istəyirik. Lakin qeyd etməliyik ki, biz Azərbaycanda bu sahədə əməkdaşlıq haqqında ölkələrarası və sahələrarası ikitərəfli müqavilələrin imzalanması yolu ilə gedirik. Mən Azərbaycanda əmək sferasının gələcəyini, görünən problemlərinin bir hissəsini nəzərinizə çatdırdım.

Əmək bazarı çox sürətlə dəyişir. Orada işçi üçün layiqli əmək artıq bu gündən işləməlidir.

Sözsüz ki, baş verəcək bütün dəyişikliklər həmkarlar ittifaqlarından da yan keçməyəcəkdir. Həmkarlar ittifaqlarının fəaliyyət istiqamətlərinin yenidən baxılmasına zərurət yaranacaqdır. Təşkilati, kadr, struktur məsələləri ən çox dəyişiklik tələb edən problemlər olacaqdır. Bütün bunların ətrafında aparılacaq fikir mübadiləsinin, dəyərli ekspertlərin rəylərinin və mülahizələrinin ümumi işimizə ciddi təkan verəcəyinə əminliyimi bildirmək istərdim.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli konfransda çıxış edərək bildirib ki, dünyada baş verən iqtisadi və maliyyə böhranına baxmayaraq, iqtisadiyyatın liberallaşması, səmərəli vergi və fiskal siyasət, o cümlədən güzəştli kreditlərin verilməsi, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması və digər tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı inkişafını davam etdirir. Son 13 ildə ölkəmizdə 1 milyon 677 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə artıb, işsizlik səviyyəsi 5 faizdir.

Qeyd edilib ki, makroiqtisadi sabitlik və iqtisadi sahədə əldə olunmuş nailiyyətlər hökumətə imkan verir ki, əhalinin sosial rifahına yönələn məqsədləri reallaşdırsın. Səmərəli məşğulluğun təmin edilməsi, əmək bazarının tələbatlarına uyğun təhsil islahatlarının aparılması, əmək qanunvericiliyi və əməkhaqqı sisteminin təkmilləşdirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması və əmək münasibətlərinin tərəflərin hüquq bərabərliyi prinsipi əsasında qurulması milli siyasətin tərkib hissəsidir. Heç şübhəsiz, bu günün əmək sferası 50 il bundan öncə mövcud olmuş dövrlə özünün mürəkkəbliyi və dinamikliyi ilə fərqlənir. Gələcək illərin əmək sferası da böyük dəyişikliklərlə üzləşəcək. Bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 201 milyonu aşması, ekoloji və təbii resursların tükənməsi fonunda gələcəkdə dünyanın necə dəyişəcəyi barədə bir çox fikirlər səslənir. Bu baxımdan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin irəli sürdüyü “Əməyin gələcəyi” təşəbbüsü və bunun ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir.

Azərbaycan hökuməti BƏT-in İdarə Heyətinin üzvü kimi bu təşəbbüsü dəstəkləyir və onun icrası üçün səylərini davam etdirir.

M.Kərimli qeyd edib ki, hazırda Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. 2016-cı ilin məlumatına əsasən, əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faiz, uşaqların (0-14 yaşda) payı 22,5 faiz, 15-64 yaş qrupunun payı 71,3 faiz, 65 yaş və yuxarı yaşda olan əhalinin payı isə 6,2 faiz təşkil edib.

Son illərdə müşahidə olunan demoqrafik meyillərə əsasən Azərbaycan Respublikasında əhali sayının artımı davam edəcək və proqnoz hesablamalara görə, Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artaraq 11,8 milyon nəfər təşkil edəcəyi gözlənilir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin gələcəyi təşəbbüsü” müasir dünyada əmək münasibətləri ilə əlaqədar müzakirələr üçün çox gözəl bir platforma yaradıb. Bu təşəbbüsün əhatə etdiyi mövzular bütün bəşəriyyət üçün önəm kəsb edən aktual məsələlərdir. Dünya inkişaf etdikcə, zaman keçdikcə iqtisadiyyatın və əmək münasibətlərinin strukturu dəyişir, lakin insanların əsas tələbatı – sağlam və gözəl rifah şəraitində yaşamaq istəyi dəyişməz olaraq qalır. İnsanların bu istəyinin reallaşdırılması üçün işləmək ən mühüm şərtlərdəndir. Bu səbəbdən bizim üçün birinci məsələ insanların məşğulluğunun təmin edilməsi olmalıdır, lakin burada çox önəmli bir nüans var. Belə ki, bəşər cəmiyyətinin tarixinə baxsaq çoxsaylı müharibələrə, tənəzzüllərə baxmayaraq, insanlar həmişə daha yaxşı yaşamaq istəyib və tarix sübut edir ki, həqiqətən də buna nail olunub. Biz 50-100 il öncəyə baxdıqda dünya səviyyəsində yoxsulluğun, aclığın azaldığını, ümumi daxili məhsulun artdığını, insanlar, dövlətlər arasında inteqrasiyanın gücləndiyini görürük.

Bu gün kapitallaşma səviyyəsinə görə dünyada ilk beşlikdəki şirkətlər sənaye yox, məhz informasiya-kommunikasiya sahəsində olan şirkətlərdir. Bu şirkətlərin tarixinə baxdıqda onların son 20-30 ildə yaranaraq, bəzilərinin hətta son 10 ildə yaranaraq 100 ildən çox yaşı olan enerji, avtomobil istehsalı şirkətlərini üstələdiyini görürük. Bütün bunlar göstərir ki, məhz insanlar təşviq olunmalıdır və onların bilik bacarıqlarının artırılması üçün dövlət və biznes qurumları birgə çalışmalıdır.

Tədbir digər iştirakçıların çıxışları və mövzu ətrafında müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə