Gədəbəydə konfrans keçirilib FOTO

Gədəbəydə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gədəbəy Rayon İcra Hakimiyyəti ilə birgə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirib.

Komitədən SİA-ya verilən məlumata görə, tədbirdə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Allahverdiyeva mövzunun əhəmiyyətindən danışıb. V. Allahverdiyeva, eyni zamanda Gədəbəy rayonunda mövcud olan dini durum barədə də konfrans iştirakçılarına geniş məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu bildirib.
Bu gün ölkəmizdə dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən geniş tədbirlərin həyata keçirildiyini vurğulayan G. İsmayılov qeyd edib ki, bu cür konfransların təşkilində prioritet dini maarifləndirmə yolu ilə radikalizm, məzhəbçilik, dini ayrı-seçkilik kimi amillərə qarşı mübarizə, əhalinin bu yöndə düzgün istiqamətləndirilməsidir.
Ötən illərlə müqayisədə Azərbaycanda dini radikalizm təhdidləri ilə bağlı vəziyyətin xeyli yaxşılaşdığını deyən sədr müavini bunun həm inzibati, həm iqtisadi sahədə dini radikal qruplara qarşı aparılan mübarizə, eyni zamanda maarifçilik sahəsində görülən işlərlə əlaqədar olduğunu diqqətə çatdırıb.
G.İsmayılov onu da qeyd edib ki, ideoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. Dini kimlik dedikdə İslam, milli kimlik dedikdə isə Azərbaycançılıq nəzərdə tutulduğunu deyən sədr müavini təəssüflə qeyd edib ki, bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov qeyd ediblər ki, dünyada, eləcə də müsəlman aləmində baş verən proseslər İslam həmrəyliyini zəruri edir. Natiqlər vurğulayıblar ki, bu həmrəylik dinlərarası dialoq üçün gözəl imkan kimi dəyərləndirilməlidir. Dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyi də diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə